BAKI,TurkicWorld
Mayın 29-da Çin Xalq Respublikasının paytaxtı Pekində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəlik ofisinin açılışı baş tutub.
TurkicWorld xəbər verir ki, nümayəndəlik ofisinin yaradılması Çin turizm sənayesi ilə əməkdaşlığın daha da gücləndirilməsinə, Azərbaycanın turizm məhsulları və unikal turizm imkanları barədə məlumatlılığın artırılmasına, eləcə də ölkəmizin Çin bazarında tanıtım fəaliyyətlərinin genişləndirilməsinə xidmət edir.
Rəsmi açılış mərasimində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Azərbaycanın Çin Xalq Respublikasındakı ticarət nümayəndəsi Teymur Nadiroğlu, Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid, Azərbaycanın Çin Xalq Resplublikasındakı səfirliyinin nümayəndələri, eləcə də hər iki ölkənin turizm sənayesi və media nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Fuad Nağıyev bildirib ki, Pekində nümayəndəliyin açılması Azərbaycanın Çin bazarına verdiyi strateji əhəmiyyətin göstəricisidir. O qeyd edib ki, son illərdə iki ölkə arasında turizm əməkdaşlığı dinamik şəkildə inkişaf edir və vizasız rejimlə birbaşa uçuşlar bu prosesə əlavə təkan verir. Fuad Nağıyev əlavə edib ki, nümayəndəliyin fəaliyyəti Azərbaycanın turizm potensialının Çin bazarında daha geniş tanıdılmasına xidmət edəcək.
Tədbir çərçivəsində iştirakçılar Azərbaycan və Çin arasında turizm sahəsində əməkdaşlığın inkişaf perspektivləri və yeni tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar. Proqram rəsmi şam yeməyi və tanınmış azərbaycanlı caz pianoçusu və bəstəkarı Emil Əfrasiyabın musiqi ifaları ilə davam edib.
Həmçinin səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti mayın 28-də "Trip.com Group" tərəfindən təşkil olunan “Envision 2026 Global Conference” tədbirində iştirak edib. Tədbirdə Azərbaycan tərəfi uğurlu əməkdaşlıq və davamlı tərəfdaşlığın göstəricisi olaraq “İlin Strateji Tərəfdaşı” mükafatına layiq görülüb.






