BAKI,TurkicWorld
Suriyanın şimalında türkmənlərin mühüm yaşayış məntəqələrindən biri olan Belva Mirkan türkmən, ərəb, kürd və çərkəz icmalarının iştirakı ilə genişmiqyaslı birlik və qardaşlıq toplantısına ev sahibliyi edib.
TurkicWorld ArabAZ -a istinadən xəbər verir ki, Suriyanın müxtəlif bölgələrindən tayfa nümayəndələrinin, nüfuzlu şəxslərin və ictimaiyyət təmsilçilərinin qatıldığı görüşdə ölkənin ərazi bütövlüyü, ictimai sülh, xalqlar arasında qardaşlıq və ortaq gələcək məsələləri əsas müzakirə mövzuları olub.
Çıxış edənlər müxtəlif etnik və ictimai kimliklərin Suriyanın ortaq sərvəti olduğunu bildiriblər. Eyni torpaqlarda yaşayan xalqların ümumi tale və gələcək naminə həmrəylik nümayiş etdirməsinin vacibliyi vurğulanıb.
Toplantının mühüm hadisələrindən biri Nehsen Kel Məhəmməd Mustafa Paşanın Suriya türkmənlərini təmsil etmək üçün “Uç bəyi” təyin edilməsi və Türkmən bəyi vəzifəsini üzərinə götürməsi olub.
Yeni vəzifəsini qəbul edən Nehsen Kel Məhəmməd Mustafa Paşa türkmənlər arasında birlik və həmrəyliyin daha da möhkəmləndirilməsinin zəruriliyini qeyd edib. O, bütün türkmən boyları, tayfaları və onların rəhbərləri ilə birgə fəaliyyət göstərməyin əhəmiyyətini vurğulayıb.
Görüşdə türkmən icmasının tarixi və mədəni irsini qorumaqla yanaşı, Suriyanın birlik və ərazi bütövlüyü çərçivəsində ölkənin ortaq gələcəyinə töhfə verməsinin vacibliyi də diqqətə çatdırılıb.
İştirakçılar Nehsen Kel Məhəmməd Mustafa Paşaya və onun komandasına yeni fəaliyyətlərində uğurlar arzulayıb, türkmənlər arasındakı əməkdaşlıq və həmrəyliyin daha da güclənəcəyinə ümid etdiklərini bildiriblər.
Belva Mirkanda türkmənlərin, ərəblərin, kürdlərin və çərkəzlərin eyni süfrə və ortaq məqsəd ətrafında birləşməsi Suriyada birgəyaşayış iradəsinin göstəricisi kimi qiymətləndirilib. Toplantının əsas mesajı belə ifadə olunub: “Türkmənlər birlik içində, Suriya xalqları qardaşlıq içində, Suriya isə vahid vətəndir”.







