BAKI,TurkicWorld,Yusif Şərifzadə
İraqın Bəsrə yaxınlığındakı Xor əl-Əmaya neft limanında neft tankerinə hücum edilib.
TurkicWorld xəbər verir ki, İraq mənbəsinin məlumatına görə, tanker ölkənin ərazi sularında, Bəsrə yaxınlığındakı Xor əl-Əmaya limanının yükləmə sahəsində olarkən hədəfə alınıb.
Mənbənin bildirdiyinə görə, hücuma məruz qalan tanker təxminən 2 milyon barel İraq neftini daşıyırdı.
Reuters-in məlumatına əsasən, Panama bayrağı altında üzən “New Andros” tankeri İraq sularında pilotsuz uçuş aparatının zərbəsinə məruz qalıb və gəmidə yanğın baş verib. Hadisə nəticəsində 22 ekipaj üzvünün heç birinin xəsarət almadığı bildirilib.
İraq Neft Nazirliyi gəminin gövdəsinə cüzi ziyan dəydiyini və yükün suya sızmadığını açıqlayıb. Nazirlik hadisənin naməlum mənbə tərəfindən törədildiyini bildirib.
Hücum Hörmüz boğazı və Körfəz ətrafında dəniz nəqliyyatına qarşı hücumların artdığı bir vaxtda baş verib.
Britaniyanın Dəniz Ticarət Əməliyyatları qurumu da Körfəzin şimal hissəsində və Oman körfəzində bir neçə ticarət gəmisinin hərbi fəaliyyət fonunda hücuma məruz qaldığı barədə məlumat aldığını açıqlayıb.
Son hadisələr Yaxın Şərqdə davam edən ABŞ-İran qarşıdurmasının enerji daşıyıcılarının daşınmasına və regionun əsas dəniz yollarına yaratdığı riskləri daha da artırıb.







