BAKI,TurkicWorld,Yusif Şərifzadə
Livan Prezidenti Cozef Aun Yunanıstandan ABŞ-nin dəstəklədiyi atəşkəs razılaşmasının həyata keçirilməsinə və ölkəsinə qarşı İsrail hücumlarının dayandırılmasına kömək etməsini istəyib.
TurkicWorld xəbər verir ki, Aun Afinada Yunanıstanın Baş naziri Kiriakos Mitsotakislə birgə keçirdiyi mətbuat konfransında Livan xalqının müharibələrdən yorulduğunu bildirib.
Livan Prezidenti qeyd edib ki, İsraillə danışıqların başlanmasından əsas məqsəd düşmənçilik vəziyyətinə son qoymaq olub.
Aun bildirib ki, ABŞ-nin dəstəklədiyi çərçivə sazişi birtərəfli şəkildə həyata keçirilə bilməz və razılaşmanın icrası hər iki tərəfin öhdəliyi olmalıdır.
“Problemin hərbi yolla həlli uğur gətirməyəcək”, – deyən Livan Prezidenti İsrail qüvvələrinin ölkə ərazisindən tam çıxarılmasının vacibliyini vurğulayıb.
Yunanıstan tarixən ərəb ölkələri ilə yaxşı münasibətlər saxlayıb, eyni zamanda İsraillə hərbi əlaqələrini də inkişaf etdirib. Buna görə də Afina Livan və İsrail arasında gərginliyin azaldılması prosesində mühüm diplomatik tərəfdaşlardan biri kimi qiymətləndirilir.







