Bakı. TurkicWorld:
Baş ofisi Yunanıstanın Afina şəhərində yerləşən beynəlxalq kabel istehsalçısı "Hellenic Cables" şirkəti "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" layihəsinin həyata keçirilməsində iştirak etməkdə maraqlıdır.
Bunu şirkətin biznesin inkişafı üzrə direktoru Timoleon Manolopoulos Energetika Nazirliyinin sosial şəbəkə hesablarında yayımlanan videoda Bakıda keçirilən "Yaşıl Enerji Dəhlizi: Texniki-iqtisadi əsaslandırmadan icraya doğru" forumu ilə bağlı fikirlərini bölüşərkən bildirib.
O bildirib ki, "Hellenic Cables" layihənin tələblərini qarşılamaq üçün kifayət qədər istehsal gücünə, texnoloji imkanlara və mürəkkəb sualtı kabel layihələrinin icrası üzrə təcrübəyə malikdir.
"Hellenic Cables" Avropanın kabel istehsalçıları arasında yer alır və enerji ötürülməsi, paylanması, telekommunikasiya və digər sahələr üçün kabel sistemləri təqdim edir. Manolopoulosun sözlərinə görə, şirkət 1950-ci illərdən fəaliyyət göstərir və mürəkkəb sualtı və yeraltı kabel layihələrinin həyata keçirilməsi sahəsində təcrübəyə malikdir.
"Yüksək mürəkkəblik dərəcəsinə malik enerji sistemlərinin qarşılıqlı əlaqələndirilməsi layihələri fəaliyyətimizin əsas istiqamətlərindən biridir. ‘Yaşıl Enerji Dəhlizi’ layihəsi olduqca mühüm və eyni zamanda mürəkkəb bir təşəbbüsdür. Bu layihənin vaxtında həyata keçirilməsi genişmiqyaslı istehsal potensialı, qabaqcıl texnologiyalar və mürəkkəb layihələrin icrası sahəsində yüksək peşəkarlıq tələb edir", - o qeyd edib.
Şirkət nümayəndəsi bildirib ki, "Hellenic Cables" sualtı kabel istehsalı gücünü iki dəfə artırıb və layihənin ehtiyaclarını qarşılamaq üçün əhəmiyyətli həcmdə kabel istehsal edə bilər. O, həmçinin şirkətin texnoloji imkanlarının layihənin mürəkkəb istismar şəraitinin tələblərinə cavab verdiyini vurğulayıb.
"İstehsal potensialımız, texnoloji imkanlarımız və mürəkkəb layihələrin həyata keçirilməsi sahəsində təcrübəmizlə bu layihəyə dəstək verməkdə çox maraqlıyıq", - T. Manolopoulos bildirib.
"Hellenic Cables" üç ölkədə beş istehsal müəssisəsinə malikdir və 3 300 nəfəri işlə təmin edir. Şirkətin məhsulları dünya üzrə 50 bazara ixrac olunur. 2012-ci ildən bəri şirkətə 800 milyon avrodan çox investisiya yatırılıb. Onun əsas fəaliyyət istiqamətlərinə enerji ötürülməsi və paylanması, bərpaolunan enerji, dənizdə külək enerjisi, telekommunikasiya, məlumat şəbəkələri, tikinti və sənaye sahələri üçün kabel istehsalı daxildir.
"Yaşıl Enerji Dəhlizi" layihəsinin perspektivləri
Bakıda keçirilən forumda "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" layihəsinin texniki-iqtisadi əsaslandırmasının nəticələri ilk dəfə beynəlxalq investorların, maliyyə institutlarının və biznes tərəfdaşlarının diqqətinə təqdim olunub. Müzakirələr layihənin investisiya cəlbediciliyi, biznes modeli, maliyyələşdirmə imkanları və yeni tərəfdaşlıqların qurulması məsələlərini əhatə edib. Həmçinin 2029-cu ildə yekun investisiya qərarının qəbuluna hazırlığın sürətləndirilməsi diqqət mərkəzində olub.
Forumda Azərbaycan və tərəfdaş ölkələrin dövlət qurumlarının, Avropa İttifaqının, beynəlxalq maliyyə institutlarının, investisiya fondlarının, enerji şirkətlərinin, elektrik enerjisi alıcılarının, ötürücü sistem operatorlarının, kabel istehsalçılarının, texnologiya təchizatçılarının, mühəndislik və sığorta şirkətlərinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Dünya Bankı, Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı, İslam İnkişaf Bankı, eləcə də "Brookfield Asset Management", "ACWA Power", "Masdar", "SOCAR Green", "China Datang", "State Grid Corporation of China", "PowerChina", "Siemens Energy", ABB, "Hitachi Energy", "TotalEnergies", "Prysmian", NKT və "Orient Cable" şirkətlərinin nümayəndələri təmsil olunublar.
Forumun açılışında çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov layihənin regional enerji təhlükəsizliyinin gücləndirilməsi, enerji təchizatının şaxələndirilməsi və yaşıl keçid baxımından strateji əhəmiyyətini vurğulayıb.
Nazir bildirib ki, 2022-ci ildə Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış strateji tərəfdaşlıq sazişi ilə əsası qoyulan layihənin texniki-iqtisadi əsaslandırması bu ilin iyulunda tamamlanıb. Tədqiqatın nəticələri layihənin texniki cəhətdən həyata keçirilə biləcəyini və iqtisadi baxımdan cəlbedici olduğunu göstərib.
Şahbazov Azərbaycanın yaşıl enerjinin istehsalı, ötürülməsi və ixracı üzrə regional mərkəzə çevrilməsi strategiyasında layihənin xüsusi yer tutduğunu qeyd edib. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Bakıya son səfəri zamanı layihəyə siyasi dəstəyin bir daha ifadə olunduğu da diqqətə çatdırılıb. Layihənin Avropa elektrik enerjisi şəbəkəsinin inkişafı üzrə TYNDP 2026 planının layihəsinə daxil edilməsi və Ortaq Maraqlar Layihəsi (PMI) statusunun əldə olunması istiqamətində görülən işlərin onun investisiya perspektivlərini gücləndirdiyi bildirilib.
Təxminən 3 min kilometr uzunluğunda nəzərdə tutulan "Yaşıl Enerji Dəhlizi"nin 2032-ci ildən etibarən mərhələli şəkildə istismara verilməsi və ötürmə gücünün 4 QVt-a çatdırılması planlaşdırılır. Texniki-iqtisadi əsaslandırmaya əsasən, layihə regionda ən azı 8 QVt gücündə bərpaolunan enerji istehsalı imkanlarının inkişafına, 2040-cı ildən Avropaya ildə təxminən 20 milyard kilovat-saat elektrik enerjisinin ötürülməsinə və karbon emissiyalarının 3,6 milyon tonadək azaldılmasına şərait yarada bilər.
Qara dənizin 2 200 metrədək dərinliyində sualtı elektrik kabellərinin çəkilməsinin nəzərdə tutulması layihənin əsas texniki çağırışlarından biridir. Bu səbəbdən müvafiq dərinliklərdə işlərin aparılması üçün qabaqcıl texnoloji həllərin tətbiqinin vacibliyi vurğulanıb.
Layihənin kommersiya dayanıqlılığının təmin edilməsi məqsədilə tənzimlənən və kommersiya komponentlərini birləşdirən hibrid biznes modelinin nəzərdən keçirildiyi bildirilib. Modelin uzunmüddətli elektrik enerjisi alqı-satqısı müqavilələrinə, özəl kapitalın iştirakına və transsərhəd elektrik enerjisi ticarətinin inkişafına əsaslanması nəzərdə tutulur.
Energetika naziri beynəlxalq maliyyə institutlarının və özəl investorların iştirakının, etibarlı biznes modelinin və uzunmüddətli kommersiya razılaşmalarının yekun investisiya qərarına hazırlıq üçün əsas şərtlər olduğunu bildirib.
"Məqsədimiz ‘Yaşıl Enerji Dəhlizi’ni aydın biznes modelinə, dayanıqlı maliyyə strukturuna və investorlar üçün cəlbedici şərtlərə malik regional infrastruktur layihəsinə çevirməkdir. Azərbaycanın strateji mövqeyi, beynəlxalq enerji layihələrində zəngin təcrübəsi və tərəfdaş ölkələrlə etibarlı münasibətləri bu məqsədə nail olmaq üçün möhkəm zəmin yaradır", – Şahbazov qeyd edib.
Forumun yekununda tərəfdaşlıq üzrə yol xəritəsinin hazırlanması və "Yaşıl Enerji Dəhlizi" layihəsi üzrə yekun investisiya qərarının (FID) qəbuluna hazırlıq çərçivəsində növbəti addımlar razılaşdırılıb.







