BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp Rusiyanın Hörmüz boğazı ətrafında yaranmış vəziyyətlə bağlı mövqeyini müsbət qiymətləndirib. Ağ Evdə jurnalistlərə danışan Tramp Rusiyanın bu məsələdə “kifayət qədər yaxşı davrandığını” bildirib.
TurkicWorld xəbər verir ki, Tramp eyni zamanda İranın ciddi çətinliklərlə üzləşdiyini iddia edib. ABŞ Prezidentinin sözlərinə görə, Tehran hərbçilərinin əməkhaqqını ödəməkdə çətinlik çəkir və ölkə ağır vəziyyətdədir.
Tramp Vaşinqtonun vəziyyətə nəzarət etdiyini və İrana qarşı dəniz mühasirəsinin davam etdiyini bildirib. O, ABŞ-nin Hörmüz boğazındakı əməliyyatlarını davam etdirdiyini vurğulayıb.
ABŞ Prezidenti Hörmüz boğazından hər gün milyonlarla barel neft daşındığını da iddia edib. Onun sözlərinə görə, strateji su yolu enerji daşımaları üçün fəaliyyətini davam etdirir.
Tramp həmçinin ABŞ qüvvələrinin Hörmüz boğazını minalardan tamamilə təmizlədiyini bildirib. O, boğazdakı vəziyyətin hazırda Vaşinqtonun nəzarətində olduğunu qeyd edib.
ABŞ Prezidentinin açıqlamaları Hörmüz boğazında gəmiçilik, İran ətrafındakı hərbi gərginlik və enerji daşımalarının təhlükəsizliyi ilə bağlı müzakirələrin davam etdiyi bir dövrə təsadüf edir.







