Son dəqiqə

İsrail HƏMAS Benyamin Netanyahu Yəhya Əl-Sinvar İzzəddin əl-Qəssam Briqadaları

Netanyahu Yəhya Sinvarla gizli əlaqə saxlayıb? Liberman araşdırma tələb edir

BAKI,TurkicWorld Orxan Qədirzadə

İsrailin keçmiş müdafiə naziri və “Bizim Evimiz İsrail” partiyasının lideri Aviqdor Liberman Baş nazir Benyamin Netanyahunu Qəzza müharibəsi zamanı HƏMAS-la gizli əlaqələr saxlamaqda ittiham edib.

Libermanın sözlərinə görə, Netanyahu 2014-cü ildə Qəzza müharibəsi zamanı HƏMAS rəhbərliyi ilə təhlükəsizlik və hərbi rəhbərliyin məlumatı olmadan əlaqə yaradıb. O, baş nazirin Yəhya Sinvarla da yazışdığını iddia edib.

Liberman bildirib ki, həmin dövrdə özü HƏMAS-ın məhv edilməsini tələb etdiyi halda, Netanyahu təşkilatla gizli münasibətlər saxlayıb. O, baş naziri İsrailin təhlükəsizliyi üçün təhlükə adlandırıb.

İsrail mediasında yayılan məlumatlara görə, 2014-cü ildə Netanyahunun göstərişi ilə iş adamı Şlomi Foqel Qəzzada HƏMAS rəhbərlərindən biri ilə birbaşa telefon əlaqəsi saxlayıb. Bildirilir ki, danışıqlar bir neçə həftə davam edib, mesajların hazırlanmasında isə İsrailin keçmiş Mossad rəhbəri Yossi Kohen iştirak edib.

Bu əlaqələrin Misir və ya Qətər vasitəçiliyi ilə aparılan ənənəvi kanallardan fərqli olduğu qeyd olunur.

Knesset deputatı Yuliya Malinovski də Foqellə bağlı 2024-cü ildə polisə və Şabak-a şikayət etdiyini açıqlayıb. O, iş adamının Qəzzada HƏMAS-la əlaqəli şəxslərlə biznes münasibətlərinin araşdırılmasını tələb edib.

Liberman isə gələcək hökumətin ilk qərarlarından birinin bu əlaqələri və Netanyahu hökumətlərinin HƏMAS siyasətini araşdıracaq rəsmi istintaq komissiyasının yaradılması olacağını bildirib.

İddialar İsraildə Netanyahu hökumətlərinin HƏMAS-la illər ərzində apardığı siyasət, dolayı əlaqələr və Qəzzaya maliyyə yardımları ətrafında davam edən siyasi mübahisələri yenidən gündəmə gətirib.

Mövzuya görə xəbərlər