Son dəqiqə

Fələstin İsrail ABŞ Qəzza HƏMAS Benyamin Netanyahu

HƏMAS sözlə deyil, əməllə özünü göstərməlidir - ABŞ

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ-nin Birləşmiş Millətlər Təşkilatındakı səfiri Mayk Uolts Qəzza zolağında zorakılığın artmasına görə HƏMAS-ı günahlandırıb, lakin təşkilatın atəşkəs çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi imkanının hələ də qaldığını bildirib.

TurkicWorld xəbər verir ki, Uolts BMT Təhlükəsizlik Şurasındakı çıxışında HƏMAS-ın amerikalılara, israillilərə, Qəzza sakinlərinə və digər insanlara qarşı ağır zorakılıq əməllərinə görə məsuliyyət daşıdığını iddia edib.

ABŞ səfiri HƏMAS-ın artıq iki dəfə silahsızlanmaq öhdəliyi götürdüyünü bildirib. Onun sözlərinə görə, ilk belə öhdəlik 2025-ci ilin oktyabrında ABŞ Prezidenti Donald Trampın sülh planından sonra qəbul edilib.

Uolts bildirib ki, HƏMAS bir neçə həftə əvvəl Sülh Şurasının planın həyata keçirilməsi üçün təqdim etdiyi 15 bəndlik fəaliyyət yol xəritəsini qəbul edərkən silahsızlanma öhdəliyini yenidən təsdiqləyib.

Diplomat bu vədlərə şübhə ilə yanaşanların olduğunu etiraf edib və beynəlxalq ictimaiyyətin HƏMAS-ın hansı təşkilat olduğunu yaxşı bildiyini söyləyib. Bununla yanaşı, Vaşinqtonun təşkilatın atacağı addımları izləyəcəyini vurğulayıb.

“Biz HƏMAS-ı yalnız dediklərinə görə deyil, etdiklərinə görə qiymətləndirəcəyik”, – deyə Uolts bildirib.

Son həftələrdə İsrail də Qəzza zolağına hücumlarını gücləndirib. Hücumlar zamanı polis qüvvələrinin əməkdaşları və yardım obyektləri hədəfə alınıb, onlarla fələstinli mülki şəxs həlak olub.

İsrailin Baş naziri Benyamin Netanyahu isə ABŞ və Sülh Şurasının açıqladığı 15 bəndlik yol xəritəsini rədd edib. Yayılan məlumatlara görə, bu qərar ABŞ və İsrail rəhbərliyi arasında fikir ayrılıqlarının yaranmasına səbəb olub.

Mövzuya görə xəbərlər