BAKI,TurkicWorld,Yusif Şərifzadə
İrana məxsus iri hərbi gəminin Hörmüz boğazında cənub keçidi kimi tanınan Oman dəhlizindən keçməyə çalışan Hindistan neft tankerinin qarşısını aldığı bildirilir. Hadisə ilə bağlı məlumatı İranın “Fars” xəbər agentliyi yayıb.
TurkicWorld xəbər verir ki, “HAANA” adlı Hindistan neft tankeri Hörmüz boğazının cənub hissəsində yerləşən Oman dəhlizi vasitəsilə hərəkət etməyə cəhd göstərib.
“Fars” xəbər agentliyinin məlumatına görə, tanker İran hərbi gəmisindən xəbərdarlıq aldıqdan sonra yoluna davam edə bilməyib.
Agentlik İran hərbi gəmisinin tankerin qarşısını aldığı və ona keçidlə bağlı xəbərdarlıq etdiyi barədə məlumat yayıb.
Bildirilib ki, son 24 saat ərzində Hörmüz boğazının cənub keçidində heç bir gəmi hərəkəti müşahidə olunmayıb.
Hadisə Hörmüz boğazında gəmiçiliklə bağlı gərginliyin davam etdiyi bir vaxtda baş verib.
Hörmüz boğazı Yaxın Şərqdən dünya bazarlarına neft daşınması baxımından mühüm dəniz keçidlərindən biri hesab olunur.







