BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif bölgələrində azı 19 fələstinlini həbs edib.
TurkicWorld xəbər verir ki, Fələstinin "Vafa" xəbər agentliyinin məlumatına görə, həbslər səhər saatlarından etibarən bir neçə yaşayış məntəqəsində həyata keçirilib.
Təhlükəsizlik mənbəsi "Vafa"ya bildirib ki, həbs edilən şəxslərdən 10-u Beytləhm bölgəsində yerləşən Əl-Marah Rəbah kəndində saxlanılıb.
İsrail qüvvələri Nablusun şərqində yerləşən Balata qaçqın düşərgəsinə də basqın edib. Basqın zamanı beş fələstinli həbs olunub, bir gənc isə güllə yarası alaraq xəstəxanaya aparılıb.
Cenin bölgəsində isə bazar ertəsi səhər saatlarında üç fələstinlinin həbs edildiyi bildirilib. Yerli mənbələrin məlumatına görə, İsrail qüvvələri Cenin bölgəsində bir neçə evə basqın edib və sakinləri sorğu-sual edib.
Bundan əlavə, Ramallahın şimalında yerləşən qədim Əbud kəndində daha bir fələstinli — əvvəllər 10 il həbsdə olmuş Mahmud Şələvto saxlanılıb.
Həbs əməliyyatlarının səbəbi və saxlanılan şəxslərə qarşı irəli sürülən ittihamlar barədə məlumat verilməyib.







