BAKI,TurkicWorld Orxan Qədirzadə
Yəmənin cənub-qərbində yerləşən Muha liman şəhərində husilərin Səudiyyə qüvvələrinin mövqelərinə endirdiyi hava zərbəsi nəticəsində azı 11 nəfər ölüb.
AFP-nin məlumatına görə, hücum “Ənsar Allah” hərəkatının silahlı qanadı tərəfindən həyata keçirilib.
Muha şəhərindəki tibbi mənbə bildirib ki, ölənlərdən 3-ü mülki şəxs, 8-i isə hərbçidir. Bundan əvvəl Yəmən hökumətinə bağlı iki hərbi mənbə hücum nəticəsində azı 8 əsgərin öldüyünü, 40-dan çox hərbçinin yaralandığını açıqlayıb.
Husilərin sözçüsü Yəhya Sari bildirib ki, zərbələr Muha bölgəsində Səudiyyə qüvvələrinin cəmləşdiyi ərazilərə və silah anbarlarına endirilib.
Onun sözlərinə görə, əməliyyat zamanı çoxsaylı ballistik raketlərdən və pilotsuz uçuş aparatlarından (PUA) istifadə olunub.
Sari hücum nəticəsində Səudiyyə qüvvələrinə məxsus hərbi texnika və silahların böyük hissəsinin məhv edildiyini, aralarında Səudiyyə vətəndaşlarının da olduğu çoxsaylı şəxsin öldüyünü və yaralandığını iddia edib.
Husilərin Səudiyyə hərbçilərinə birbaşa zərbə endirdiklərini açıqlaması Yəməndə münaqişənin yeni mərhələyə keçməsi ilə bağlı narahatlıqları artırıb.
Qeyd edək ki, “Ənsar Allah” hərəkatı daha əvvəl də Səudiyyə Ərəbistanındakı müxtəlif hərbi və enerji obyektlərinə raket və PUA hücumları həyata keçirib.







