BAKI,TurkicWorld,Yusif Şərifzadə
İraqın Baş naziri Əli əl-Zaidi Səudiyyə Ərəbistanı Baş Kəşfiyyat İdarəsinin rəhbəri Xalid bin Əli əl-Humeydan ilə regional təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib.
TurkicWorld xəbər verir ki, bu barədə İraq Baş nazirinin Ofisi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı tərəflər regional təhlükəsizlik məsələləri və iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Əli əl-Zaidi İraqın Səudiyyə Ərəbistanı ilə əməkdaşlığın daha da gücləndirilməsinə sadiq olduğunu vurğulayıb.
Baş nazir qeyd edib ki, Bağdadın mövqeyi dəyişməz olaraq qalır və İraq ərazisinin heç bir xarici dövlətə qarşı fəaliyyət üçün "başlanğıc meydanı" kimi istifadə edilməsinə icazə verilməyəcək.
İraq Baş nazirinin Ofisinin məlumatına görə, görüşdə tərəflər təhlükəsizlik sahəsində əməkdaşlığın və kəşfiyyat məlumatlarının mübadiləsinin genişləndirilməsinin vacibliyi barədə razılığa gəliblər.
Görüşün regional təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində ikitərəfli koordinasiyanın artırılmasına xidmət etdiyi bildirilib.







