BAKI,TurkicWorld,Yusif Şərifzadə
İranın dəstəklədiyi husilər Yəmənin Mərib və Hədrəmaut vilayətlərində yerləşən Fövqəladə Hallar Qüvvələrinin bir neçə hərbi düşərgəsinə hücum etdiklərini rəsmən təsdiqləyiblər.
TurkicWorld xəbər verir ki, husilərin hərbi sözçüsü Yəhya Səri "X" sosial şəbəkəsində yaydığı bəyanatda hücumların Ruvayk, Əl-Abr və Əs-Səniyyə bölgələri də daxil olmaqla bir neçə hərbi düşərgəni hədəf aldığını bildirib.
Onun sözlərinə görə, əməliyyat zamanı çoxsaylı ballistik raketlər və pilotsuz uçuş aparatlarından (PUA) istifadə olunub.
Yəhya Səri iddia edib ki, hücum nəticəsində çoxlu sayda hərbi düşərgə, qoşun cəmləşmə məntəqəsi, silah anbarı və hərbi texnika məhv edilib və ya yandırılıb.
Yəmənin Fövqəladə Hallar Qüvvələri daha əvvəl hücumlar nəticəsində insan itkisi və maddi ziyanın olduğunu təsdiqləsə də, husilərin irəli sürdüyü iddialara münasibət bildirməyib.
Yerli KİV-in məlumatına görə, hücumlar nəticəsində onlarla insan həlak olub, çox sayda yaralı var. Rəsmi qurumlar ölənlərin dəqiq sayını hələ açıqlamayıblar.
Hadisə Yəməndə son həftələr hökumət qüvvələri ilə husilər arasında yenidən intensivləşən döyüşlər fonunda baş verib.







