BAKI,TurkicWorld
Yəməndə hökümət qüvvələri ilə qiyamçı husi qüvvələri arasında eskalasiyalar ən yüksək həddə çatıb.
"Al-Jazeera" telekanalının məlumatına görə, bu barədə Yəmənin briqada generalı Məcid Abdullah Əl-Nuzeyli "X" sosial şəbəkəsindəki paylaşımında bildirib.
Məlumata görə, son bir neçə gün ərzində Yəmən hökümət qüvvələri Husilərin mövqelərinə, o cümlədən, artilleriya mövqelərinə, raket qurğularına və komanda-idarəetmə mərkəzlərinə 1122 hücum həyata keçirib.
Onun sözlərinə görə, döyüş təyyarələri, pilotsuz uçuş aparatları, raketlər, artilleriya və snayperlərdən istifadə edilməklə həyata keçirilən hücumlar Səda, Əl-Cövf, Taiz vilayətlərində və ölkənin sahilyanı ərazilərində baş verib. Onun sözlərinə görə, təxminən 1747 husi döyüşçüsü öldürülüb.
Bundan əvvəl Yəmənin beynəlxalq səviyyədə tanınan hökumətinin xarici işlər naziri Əfrəh Əl-Zubə husiləri məğlub etmək üçün beynəlxalq ictimaiyyətdən daha çox dəstək istəyib.
Əfrəh Əl-Zubə "X" sosial şəbəkəsindəki paylaşımında deyib:
"Biz qardaşlarımızı, dostlarımızı və beynəlxalq ictimaiyyəti Yəmən xalqına, onun dövlətinə və milli institutlarına silahlı qüvvə yolu ilə onların iradəsini zorla ələ keçirən, övladlarının həyatını məhv edən terrorçu husi silahlı dəstəsi ilə mübarizədə dəstək verməyə çağırırıq. Bu çağırış gərginliyin azaldılması və sülh üçün bütün imkanların tükənməsindən sonra edilir",-deyə o bildirib.







