BAKI,TurkicWorld
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə gələn həftə Ər-Riyadda Məkkə Birgə Müdafiə Sazişi çərçivəsində Strateji Siyasi və Müdafiə Komitəsinin təcili iclasını keçirəcək. Görüşdə Səudiyyə Ərəbistanına qarşı husilərin hücumlarının artması fonunda mövcud təhlükəsizlik vəziyyəti və üç ölkənin atacağı növbəti addımlar müzakirə olunacaq.
TurkicWorld ArabAZ- a istinadən xəbər verir ki, Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar qarşıdakı toplantının Ər-Riyadda keçiriləcəyini bildirib. Onun sözlərinə görə, üç ölkə müdafiə sazişi ilə bir-birinə bağlıdır və üzvlərdən birinin təhlükəsizlik problemi ilə üzləşməsi halında tərəflər qarşılıqlı dəstək göstərməlidirlər.
Məkkə Birgə Müdafiə Sazişi avqustun 7-də Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə tərəfindən imzalanıb. Razılaşmaya əsasən, üç dövlətdən birinə silahlı hücum bütün tərəflərə qarşı hücum kimi qiymətləndirilir. Saziş kollektiv müdafiənin və hərbi əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.
Dar Mədinədə elektrik paylayıcı stansiyaya hücumu qəbuledilməz adlandırıb. Səudiyyə tərəfi sentyabrın 29-da Mədinədəki elektrik infrastrukturuna hücumda husiləri ittiham edib, husilər isə məsuliyyəti üzərlərinə götürməyiblər.
Pakistan rəsmisinin sözlərinə görə, Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyənin xarici işlər nazirləri sentyabrın 24-də Nyu-Yorkda görüşərək vəziyyəti müzakirə ediblər. Bundan sonra üç ölkənin hərbi rəhbərləri Ər-Riyadda bir araya gəlib və müdafiə əməkdaşlığının gücləndirilməsi məsələlərini nəzərdən keçiriblər.
Dar həmçinin İranın xarici işlər naziri Abbas Əraqçi ilə husilərin hücumlarını və Pakistanın üçtərəfli müdafiə sazişindən irəli gələn öhdəliklərini müzakirə etdiyini bildirib. Onun sözlərinə görə, İran tərəfi husilərlə siyasi dialoqun aparılmasını hərbi tədbirlərə alternativ kimi təklif edib. Dar bunun rəsmi təklif deyil, iki xarici işlər naziri arasında fikir mübadiləsi zamanı səsləndirilən yanaşma olduğunu vurğulayıb.
Pakistan rəsmisi bildirib ki, mümkün cavab tədbirləri barədə qərarı İslamabad təkbaşına qəbul etməyəcək və məsələ üç üzv dövlət tərəfindən birgə müzakirə olunacaq.
Darın sözlərinə görə, altıdan çox ölkə Məkkə Birgə Müdafiə Sazişinə qoşulmaqda maraqlıdır. Bununla belə, yeni üzvlüklə bağlı müraciətlərin sazişin katibliyi və digər mexanizmləri tam fəaliyyətə başladıqdan sonra nəzərdən keçirilməsi nəzərdə tutulur.
Pakistanın xarici işlər naziri Hörmüz boğazındakı vəziyyətə də toxunaraq, ölkəsinin boğazdan maneəsiz keçidin tərəfdarı olduğunu bildirib. Onun sözlərinə görə, gəmiçilik üçün əlavə ödəniş, rüsum və ya xüsusi icazə tələbi olmamalıdır.
Dar Pakistanın ABŞ və İran arasında diplomatik səylərdə iştirakını davam etdirdiyini, Səudiyyə Ərəbistanı, Qətər, Misir və Türkiyə ilə birlikdə danışıqlar yolu ilə həllin tapılması istiqamətində fəaliyyət göstərdiyini də qeyd edib.







