BAKI,TurkicWorld
Yəmənin Qırmızı dəniz sahillərində davam edən döyüşlər nəticəsində təxminən 125 min insan yaşayış yerini tərk etmək məcburiyyətində qalıb. Bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramı (BƏP) məlumat yayıb.
TurkicWorld xəbər verir ki, BƏP didərgin düşənlərin sayının artacağını gözləyir. Yəmənin cənub-qərbində yaşayan əhalinin böyük hissəsi Ədən, Əl-Məafir və nisbətən təhlükəsiz hesab edilən digər ərazilərə hərəkət edərkən ərzaq və əsas xidmətlərə çıxışda ciddi çətinliklərlə üzləşir.
BMT qurumunun məlumatına görə, indiyədək 45 min nəfərə ərzaq yardımı göstərilib. Münaqişənin daha da şiddətlənəcəyi təqdirdə əlavə 1,5 milyon insana yardım göstərilməsi üçün hazırlıq aparılır.
BƏP həmçinin döyüşlər zamanı Moxadakı obyektlərinə daxil olunduğunu və azı 49 ərzaq paylama məntəqəsinə çıxışın mümkün olmadığını bildirib. Bu vəziyyət humanitar yardımın ehtiyacı olan insanlara çatdırılmasını çətinləşdirir.
Qırmızı dəniz sahillərində hökumət qüvvələri və onların müttəfiqləri ilə husilər arasında döyüşlər davam edir. İranın dəstəklədiyi bildirilən husilər son irəliləyişlər zamanı Moxa da daxil olmaqla sahilboyu bir sıra əraziləri nəzarətə götürüblər. Hökumət və müttəfiq qüvvələr isə bu irəliləyişi dayandırmaq və itirilmiş əraziləri geri qaytarmaq üçün əməliyyatlar aparırlar.







