BAKI,TurkicWorld
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas husilərin Səudiyyə Ərəbistanına hücumlarını qəbuledilməz adlandıraraq, bu hücumların qlobal iqtisadiyyata zərər vurduğunu bildirib.
TurkicWorld xəbər verir ki, Kallas bölgədə təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda Aİ-nin “ASPIDES” dəniz əməliyyatında iştirak edən gəmilərin hazırlıq səviyyəsinin artırıldığını açıqlayıb. Onun sözlərinə görə, missiya kommersiya gəmilərinin müşayiətini davam etdirir.
“ASPIDES” Avropa İttifaqının Qırmızı dəniz və ətraf sularda kommersiya gəmiçiliyinin təhlükəsizliyini təmin etmək məqsədilə 2024-cü ilin fevralında başlatdığı müdafiə xarakterli dəniz əməliyyatıdır. Missiyanın yaradılması husilərin ticarət gəmilərinə hücumlarının artması ilə əlaqələndirilmişdi.
Kallas həmçinin Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səudla telefon danışığı apardığını bildirib. Tərəflər Yəməndə döyüşlərin dayandırılması istiqamətində diplomatik səyləri və Hörmüz boğazında sərbəst gəmiçiliyin bərpasını müzakirə ediblər.
Aİ rəsmisi dəniz yollarından keçidin maneəsiz və ödənişsiz olmasının vacibliyini vurğulayıb. O bildirib ki, Avropa Qırmızı dənizdə ticarət gəmiçiliyinin husilərin hücumlarından qorunmasına töhfə verməyə davam edir.
Kallasın açıqlaması Yəməndə döyüşlərin və Qırmızı dəniz ətrafında təhlükəsizlik risklərinin artdığı bir dövrə təsadüf edir. Husilərin Səudiyyə Ərəbistanına hücumları və bölgədə kommersiya gəmiçiliyinə yaranan təhlükələr beynəlxalq dəniz marşrutlarının təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.







