BAKI,TurkicWorld,Yusif Şərifzadə
Meta Platforms şirkətinin Qlobal Əlaqələr üzrə direktoru Coel Kaplan Hindistanın Baş naziri Narendra Modinin paylaşımının ötən ay səhvən məhdudlaşdırılmasına görə Hindistan hökumətindən üzr istəyib.
TurkicWorld xəbər verir ki, Kaplan bu barədə yaydığı bəyanatda bildirib ki, səhvə görə Hindistanın informasiya texnologiyaları nazirindən Meta adından üzr istəyib.
Ötən ay Hindistanın Elektronika və İnformasiya Texnologiyaları Nazirliyi Modinin Facebook paylaşımının qısa müddətə məhdudlaşdırılmasından sonra Meta rəhbərlərini izahat vermək üçün çağırmışdı.
Meta həmin vaxt paylaşımın əməliyyat xətası səbəbindən təsadüfən bloklandığını açıqlamışdı.
Bununla yanaşı, ötən həftə Hindistanın Haydərabad şəhərində polis Meta India-nın rəhbəri Arun Srinivasa qarşı Narendra Modini təhqiredici şəkildə əks etdirdiyi iddia olunan videoların Facebook-da yayımlanması ilə bağlı cinayət işi açıb.
Bu hadisələr Narendra Modinin hökumətinin son illərin ən böyük gənclər etirazları ilə üzləşdiyi dövrə təsadüf edib. Etirazlara milli imtahan suallarının sızdırılması səbəbindən təhsil nazirinin istefası səbəb olmuşdu.
Yerli KİV-in məlumatına görə, Meta-nın baş icraçı direktoru Mark Zukerberq də Hindistan hökuməti nümayəndələri ilə görüş zamanı şirkətin platformalarında uşaq cinsi istismarı materialları, "deepfake" məzmun və digər əməliyyat nöqsanları ilə bağlı üzrxahlıq edib.
İyul ayında Hindistan hökuməti Meta-dan Instagram platformasında uşaq cinsi istismarını təşviq edən reklam və məzmunun silinməsini tələb etmişdi.
Meta isə bu cür materiallara qarşı "sıfır dözümlülük" siyasəti tətbiq etdiyini və aşkarlama sistemlərini gücləndirməyə davam etdiyini bildirmişdi.







