BAKI,TurkicWorld,Yusif Şərifzadə
Hindistanın Baş naziri Narendra Modi cümə günü İran Prezidenti Məsud Pezeşkianla görüşərək regionda sərbəst gəmiçilik və ticarətin qorunmasının, eləcə də dənizçilərin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb.
TurkicWorld xəbər verir ki, Hindistan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş Yeni Dehlidə keçiriləcək BRICS liderlərinin sammiti ərəfəsində baş tutub. Danışıqlar ABŞ və İran arasında qarşılıqlı zərbələrin yenidən başladığı bir dövrə təsadüf edib.
Modi Hindistanın mövqeyini bir daha diqqətə çatdıraraq bütün mübahisəli məsələlərin dialoq və diplomatiya yolu ilə həll edilməli olduğunu bildirib.
Hindistanın Baş naziri regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb. O, dəniz yollarında sərbəst hərəkətin, ticarətin və dənizçilərin təhlükəsizliyinin qorunmasını əsas məsələlər sırasında göstərib.
Hindistan mövcud qarşıdurmada mürəkkəb diplomatik tarazlığı qorumağa çalışır. Yeni Dehlinin İranla tarixi və mədəni əlaqələri, İsraillə strateji münasibətləri, eyni zamanda milyonlarla Hindistan vətəndaşının yaşayıb işlədiyi ərəb ölkələri ilə sıx tərəfdaşlığı mövcuddur.
Regiondan keçən gəmilərə hücumlar Hindistana da birbaşa təsir göstərib. Məlumata görə, indiyədək bu hücumlar nəticəsində azı 10 Hindistan vətəndaşı həyatını itirib.







