BAKI,TurkicWorld,Yusif Şərifzadə
İraq Silahlı Qüvvələrinin Baş Komandanlığının sözçüsü, briqada generalı Sabah ən-Numan son regional hücumların İraq ərazisindən həyata keçirildiyini təsdiqləyən heç bir sübutun olmadığını bildirib.
TurkicWorld xəbər verir ki, Sabah ən-Numan dövlətə məxsus İraq Xəbər Agentliyinə açıqlamasında hökumətin ölkə daxilindən qanunsuz silahlı fəaliyyətlərə imkan verməyəcəyini, eyni zamanda İraqın sərhədlərinin kənardan pozulmasını da qəbul etməyəcəyini vurğulayıb.
"İraq ərazisindən hücumların həyata keçirildiyini göstərən heç bir sübut yoxdur. Hökumət ölkə daxilində fərdi silahlı fəaliyyətlərə icazə verməyəcək və xaricdən edilən hər hansı pozuntunu da qəbul etməyəcək", – deyə o bildirib.
Sabah ən-Numan əlavə edib ki, Baş nazir və Silahlı Qüvvələrin Ali Baş Komandanı Əli Falih əz-Zaidinin Xalq Səfərbərlik Qüvvələrinin (PMF) qərargahına səfəri və son hücumlarla bağlı ətraflı məlumat alması bu qüvvələrin ölkənin milli müdafiə sisteminin ayrılmaz hissəsi olduğunu göstərir.
Onun sözlərinə görə, təhlükəsizlik qurumları gələcək hücumların qarşısının alınması və İraqın tam suverenliyinin qorunması məqsədilə geniş təhlükəsizlik planı hazırlayır. Sabah ən-Numan vurğulayıb ki, təhlükəsizlik məsələlərinə yalnız dövlətin rəsmi qurumları cavabdeh olacaq və dövlət nəzarətindən kənar silahlı qüvvələrin fəaliyyətinə yol verilməyəcək.







