BAKI,TurkicWorld,Yusif Şərifzadə
Pakistan hökuməti ABŞ və İranı İslamabad Memorandumu çərçivəsində yenidən danışıqlar masasına qaytarmaq üçün diplomatik səylərini davam etdirdiyini açıqlayıb.
TurkicWorld xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Andrabi bildirib ki, İslamabad memorandumun tərəflərindən biri kimi bütün iştirakçıları razılaşma çərçivəsində dialoqu bərpa etməyə çalışır.
"Biz bütün tərəfləri yenidən İslamabad Memorandumu çərçivəsində bir araya gətirmək üçün əlimizdən gələni edirik", – deyə Andrabi jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Pakistan tərəfləri razılaşma üzrə öhdəliklərinə tam əməl etməyə və memorandumda nəzərdə tutulan texniki danışıqları davam etdirməyə çağırır.
ABŞ və İran arasında qarşılıqlı hücumlardan sonra hər iki tərəf İslamabad Memorandumu əsasında əldə olunmuş müvəqqəti razılaşmanın qüvvədən düşdüyünü açıqlamışdı.
Vaşinqton və Tehran Pakistanın son təşəbbüsü ilə bağlı hələlik rəsmi münasibət bildirməyiblər.







