BAKI,TurkicWorld
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İsrailin İordan çayının qərb sahilində yerləşən Fələstin kəndlərinə qarşı həyata keçirdiyi hücumları qətiyyətlə pisləyib.
TurkicWorld xəbər verir ki, rəsmi Əbu-Dabi bu cür hərəkətlərin regionda gərginliyi daha da artırdığını bildirib.
BƏƏ Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub ki, son hücumlar zamanı Tulkərm şəhərindəki məscidlərdən birinin yandırılması təxribat xarakterli addım, müsəlmanlara qarşı təhrik və ekstremizm aktıdır.
Nazirlik İsrail hökumətini davam edən hücumlarına görə tam məsuliyyət daşımağa, bu əməlləri qətiyyətlə pisləməyə və təqsirkarları məsuliyyətə cəlb etməyə çağırıb. Bəyanatda vurğulanıb ki, belə hadisələrə reaksiya verilməməsi nifrət, irqçilik və qeyri-sabitlik mühitini daha da dərinləşdirə bilər.
BƏƏ, həmçinin beynəlxalq ictimaiyyəti işğal olunmuş Fələstin ərazilərində davam edən pozuntuların dayandırılması və vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması istiqamətində üzərinə düşən öhdəlikləri yerinə yetirməyə çağırıb.
Bəyanatda Yaxın Şərqdə hərtərəfli və ədalətli sülhün əldə olunması üçün regional və beynəlxalq səylərin dəstəklənməsinin vacibliyi vurğulanıb. Nazirlik iki dövlətli həll perspektivini zəiflədən qanunsuz fəaliyyətlərin dayandırılmasının zəruriliyini də qeyd edib.






