Bakı. TurkicWorld:
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) rəqəmsallaşma və yeni texnologiyaların tətbiqindən irəli gələn risklərin əvvəlcədən müəyyənləşdirilməsi və idarə olunması məqsədilə ayrıca komitə yaradılıb.
TurkicWorld-un tədbirdəki müxbirinin məlumatına görə, bunu DVX-nin rəis müavini Samirə Musayeva çərşənbə axşamı Bakıda keçirilən Dayanıqlı Biznes, Korporativ İdarəetmə, Risk və Komplayens (GRC) Konfransında deyib.
O bildirib ki, süni intellektin dövlət orqanlarında tətbiqi zamanı hüquqi çərçivələrin müəyyənləşdirilməsi, məlumatların təhlükəsizliyinin təmin edilməsi və risklərin düzgün qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Hazırda süni intellektin dövlət orqanlarında istifadəsi ilə bağlı normativ hüquqi aktlar nəzərdən keçirilir.
S.Musayevanın sözlərinə görə, süni intellekt vergi ödəyicilərinin fəaliyyəti ilə bağlı məlumatların təhlilinə, ilkin risklərin müəyyənləşdirilməsinə və nəzarət proseslərinin təkmilləşdirilməsinə imkan verir. Bununla belə, süni intellekt vasitəsilə müəyyən edilən risklərin hüquqi baxımdan qiymətləndirilməsi və məsuliyyət yaradıb-yaratmaması barədə yekun qərar insan tərəfindən qəbul edilməlidir.
"Süni intellektin tətbiqində məlumatların qorunması və mühafizəsi, ilkin risklərin müəyyənləşdirilməsi, eləcə də son qərarın qurum tərəfindən verilməsi mühüm əhəmiyyət daşıyır. Risklərin nə dərəcədə əsaslı olması və məsuliyyətə səbəb olub-olmaması barədə qərarı məsul şəxslər qəbul etməlidir", - deyə o qeyd edib.
DVX rəis müavini vurğulayıb ki, texnoloji yeniliklərin tətbiqi zamanı yalnız onların imkanları deyil, yarada biləcəyi risklər də nəzərə alınmalıdır. Bu baxımdan, qurumda təşkilati risklərin idarə olunması üzrə ayrıca komitənin yaradılması qabaqlayıcı nəzarət mexanizminin formalaşdırılmasına xidmət edir.
"Biz təşkilati risklərin idarə olunması ilə bağlı ayrıca komitə yaratmışıq. Məqsəd rəqəmsallaşmadan irəli gələn riskləri qabaqlayıcı şəkildə müəyyənləşdirmək və müvafiq komitənin rəyi olmadan risk yarada biləcək rəqəmsal alətlərin və yeniliklərin tətbiqinin qarşısını almaqdır", - deyə S.Musayeva bildirib.
O əlavə edib ki, rəqəmsallaşma vergi inzibatçılığında səmərəliliyin artırılması və xərclərin optimallaşdırılması baxımından da mühüm rol oynayır. Onun sözlərinə görə, qeyri-neft sektorunda dövlət büdcəsinə 100 manat vergi daxilolmasının təmin edilməsi üçün vergi orqanlarının xərci 1 manat 16 qəpik təşkil edir.
S.Musayeva qeyd edib ki, texnologiyaların tətbiqi dövlət orqanlarına daha böyük həcmdə məlumatları emal etmək, resurslardan daha səmərəli istifadə etmək və vergi nəzarətini təkmilləşdirmək imkanı yaradır.
O, süni intellekt sistemlərinin təhlükəsiz fəaliyyəti üçün texniki infrastrukturun əhəmiyyətinə də toxunub. Bildirib ki, məlumatların qapalı mühitdə emalı yüksək hesablama gücünə malik server avadanlıqları tələb edir.
DVX rəsmisi data analitikası və avtomatlaşdırmanın vergi yoxlamalarında verdiyi nəticələrdən də danışıb. Onun sözlərinə görə, yoxlamalar zamanı inventarizasiya nəticələrinin avtomatlaşdırılması hesabına 7-9 həftə vaxta qənaət olunub. Nəzarət-kassa aparatlarından əldə edilən milyonlarla çek üzrə məlumatların süni intellekt vasitəsilə təhlili isə risklərin daha operativ müəyyənləşdirilməsinə şərait yaradır.
S.Musayevanın fikrincə, süni intellektin tətbiqi bizneslərin böyüməsinə, vergitutma bazasının genişlənməsinə və vergiyə cəlb olunan əməliyyatların artmasına da töhfə verə bilər. Bu proses dövlət orqanlarından insan resurslarının və mövcud imkanların yeni tələblərə uyğun inkişaf etdirilməsini tələb edir.
"Texnologiyaların tətbiqi ilə daha çox məlumatı emal etmək və daha böyük töhfə vermək mümkündür. Vergitutma bazası genişləndikcə onun səmərəli inzibatçılığı üçün müvafiq resursların və peşəkar insan kapitalının təmin olunması da vacibdir", - deyə o vurğulayıb.

