Bakı. TurkicWorld:
Azərbaycanda vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə ödənilən vergilərin 92,6 faizi könüllü şəkildə bəyan olunur.
TurkicWorld-un tədbirdəki müxbirinin məlumatına görə, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini Samirə Musayeva bu gün Bakıda keçirilən Dayanıqlı Biznes, Korporativ İdarəetmə, Risk və Komplayens (GRC) Konfransında deyib.
O bildirib ki, vergi orqanlarının fəaliyyəti ikili xarakter daşıyır. Belə ki, vergi orqanları həm şəffaf iqtisadi mühitin formalaşdırılmasında iştirak edir, həm də biznes subyektlərinin fəaliyyətinə nəzarəti həyata keçirir.
"Komplayens və şəffaflıq həm dövlət orqanları, həm də biznes subyektləri üçün eyni dərəcədə əhəmiyyətlidir. Dövlət orqanları öz daxili inzibati prosedurlarını şəffaflıq və komplayens prinsiplərinə uyğun qurmalı, biznes isə qanunvericiliyin tələblərinə əməl etməlidir. Bu proses hər iki tərəfin maraqlarına xidmət edir", - deyə o qeyd edib.
Samirə Musayeva bildirib ki, 2018-ci ildən başlanan dəyişikliklər və 2019-cu ildən etibarən həyata keçirilən tədbirlər iqtisadi fəaliyyətin şəffaflaşdırılmasına, eləcə də iqtisadi subyektlərin şəffaf əməliyyatlar aparmağa təşviq edilməsinə yönəlib.
Onun sözlərinə görə, komplayens tələblərinə əməl olunmasının təmin edilməsi yalnız könüllülük və təşviq mexanizmləri ilə məhdudlaşmır. Bu istiqamətdə inzibati resurslardan, nəzarət imkanlarından və məlumatların təhlilindən də səmərəli istifadə olunmalıdır.
"Əsas məqsəd mövcud məlumatları vaxtında və düzgün emal etmək, potensial riskləri əvvəlcədən müəyyənləşdirmək və zəruri tədbirləri görməkdir. Bunun üçün vergi orqanlarının nəzarət imkanları ilə biznesin şəffaf fəaliyyət göstərməsinə yaradılan şərait arasında düzgün tarazlıq qurulmalıdır", - deyə DVX rəis müavini vurğulayıb.
O qeyd edib ki, vergi inzibatçılığında əldə olunan nəticələr iqtisadi fəaliyyətin şəffaflaşdırılması istiqamətində görülən işlərin səmərəliliyini göstərir.
"Hazırda vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə ödənilən vergilərin 92,6 faizi könüllü şəkildə bəyan olunur. Həmçinin 3 milyondan çox bəyannamənin 85 faizi vaxtında təqdim edilir", - deyə Samirə Musayeva bildirib.
Onun sözlərinə görə, elektron qaimə-fakturaların və nəzarət-kassa aparatlarının tətbiqi iqtisadi əməliyyatların şəffaflığının artırılmasına, əməliyyatların izlənilməsinə və vergi intizamının gücləndirilməsinə imkan yaradır.
DVX rəis müavini biznes subyektlərinin öz tərəfdaşları barədə məlumat əldə etməsinin də əhəmiyyətini vurğulayıb. O bildirib ki, vergi orqanının məlumat bazasında təqdim olunan "Kontragenti tanı" xidməti vergi ödəyicilərinə iqtisadi fəaliyyət zamanı biznes tərəfdaşlarını tanımaq və onlar barədə məlumat əldə etmək imkanı verir.
Samirə Musayeva gələcək prioritetlərdən danışarkən rəqəmsallaşmanın və süni intellekt texnologiyalarının biznes proseslərinə təsirinin artdığını diqqətə çatdırıb.
O bildirib ki, sürətlə dəyişən rəqəmsal mühitdə biznes proseslərinə düzgün, vaxtında və effektiv nəzarətin təşkili, həmçinin vergi orqanlarının fəaliyyətinin bütün istiqamətlərində rəqəmsallaşmanın genişləndirilməsi qarşıda duran əsas hədəflərdəndir.
DVX rəis müavininin sözlərinə görə, məlumatların təhlili imkanlarının genişləndirilməsi və müasir texnologiyaların tətbiqi risklərin daha operativ müəyyənləşdirilməsinə, vergi inzibatçılığının təkmilləşdirilməsinə və biznes mühitində şəffaflığın gücləndirilməsinə töhfə verə bilər.

