BAKI,TurkicWorld,Yusif Şərifzadə
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ni Hörmüz boğazında ayrıca keçid marşrutu yaratmaqda ittiham edərək bunun tərəflər arasında imzalanmış Anlaşma Memorandumunun şərtlərinə zidd olduğunu bildirib.
TurkicWorld xəbər verir ki, Abbas Əraqçi Anlaşma Memorandumunun 5-ci maddəsinin Hörmüz boğazından keçid mexanizminin müəyyən edilməsinin İranın səlahiyyətində olduğunu açıq şəkildə təsbit etdiyini deyib.
Nazirin sözlərinə görə, ABŞ-nin ayrıca marşrut açması memorandumun müddəalarına uyğun gəlmir və Vaşinqton boğazda hər hansı keçid dəhlizinin əlavə edilməsi və ya ləğvi ilə bağlı əvvəlcədən Tehranla məsləhətləşməli idi.
Əraqçi bildirib ki, Hörmüz boğazında baş vermiş toqquşmalardan sonra İran İsveçrədə keçirilən danışıqlar zamanı anlaşılmazlıqların qarşısını almaq məqsədilə ABŞ ilə birbaşa əlaqə xəttinin yaradılmasına razılıq verib.
O iddia edib ki, buna baxmayaraq, Vaşinqton Hörmüz boğazında alternativ marşrutlar yaratmaq niyyətində israrlıdır.
İranlı nazirin fikrincə, ABŞ bölgədə gərginliyin artmasına səbəb olan tərəfdir və mövcud razılaşmanı pozaraq hazırkı vəziyyətin yaranmasına gətirib çıxarıb.
ABŞ tərəfi isə Əraqçinin bu açıqlamaları ilə bağlı hələlik rəsmi mövqe açıqlamayıb.







