BAKI,TurkicWorld,Yusif Şərifzadə
İordaniya işğal altındakı İordan çayının qərb sahilində yəhudi məskunlaşmaçıların fələstinlilərə qarşı hücumlarının artmasını pisləyib. Rəsmi Amman bu hücumların bölgədə gərginliyi daha da artırdığını və sülh perspektivlərinə zərbə vurduğunu bildirib.
TurkicWorld xəbər verir ki, İordaniya Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində yaydığı bəyanatda səfir Fuad əl-Məcalinin ölkəsinin İsrailli məskunlaşmaçıların həyata keçirdiyi hücumları qətiyyətlə rədd etdiyini açıqlayıb.
Bəyanatda qeyd olunub ki, bu hücumlar İsrail hökumətinin ekstremist siyasətinin və işğal altındakı İordan çayının qərb sahilində həyata keçirdiyi qanunsuz tədbirlərin davamıdır.
İordaniya tərəfi bildirib ki, bu cür addımlar zorakılığı və radikallaşmanı daha da gücləndirir, eyni zamanda iki dövlət prinsipi əsasında sülhə nail olmaq perspektivini zəiflədir.
Amman baş verən hücumlara görə məsuliyyətin işğalçı dövlət kimi İsrailin üzərinə düşdüyünü bəyan edib.
Fuad əl-Məcali beynəlxalq ictimaiyyəti hüquqi və mənəvi öhdəliklərini yerinə yetirməyə, İsraili məskunlaşmaçıların hücumlarını dayandırmağa məcbur etməyə, cinayət törədən şəxslərin məsuliyyətə cəlb olunmasını və cəzasız qalmamasını təmin etməyə çağırıb.
İsrail tərəfi İordaniyanın bu bəyanatı ilə bağlı hələlik rəsmi mövqe açıqlamayıb.







