BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp Çin və Rusiyanın hazırda İranla davam edən münaqişədə iştirak etmədiyinə inandığını bildirib. O, eyni zamanda xəbərdarlıq edib ki, əgər bu ölkələr münaqişəyə qoşulsalar, bunun onlar üçün ciddi nəticələri olacaq.
TurkicWorld xəbər verir ki, Donald Tramp bu barədə "Truth Social" platformasında paylaşım edib. O bildirib ki, Pekində keçirilən son görüş zamanı Çin Prezidenti Si Cinpin ona heç bir halda İran İslam Respublikasına silah verməyəcəyini və satmayacağını deyib. Trampın sözlərinə görə, bu öhdəlik Çin şirkətlərini də əhatə edir.
ABŞ Prezidenti əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin də İrana silah satmayacağını bildirib. Tramp qeyd edib ki, onun fikrincə, nə Rusiya, nə də Çin hazırda İranla bağlı münaqişədə iştirak edir.
"Əgər onlar münaqişəyə qoşulsalar, bu, onlar üçün çox pis olar. Bu, qətiyyən onların maraqlarına uyğun deyil", – deyə Tramp paylaşımında vurğulayıb.
Məlumata görə, ABŞ və İran arasında müharibə ABŞ və İsrailin fevral ayında İrana endirdiyi zərbələrdən sonra başlayıb. Həmin hücumlar nəticəsində İranın ali rəhbəri də daxil olmaqla bir sıra yüksəkvəzifəli rəsmilər həlak olub.
Xəbərdə adı açıqlanmayan ABŞ kəşfiyyatına yaxın dörd mənbəyə istinadən bildirilir ki, münaqişənin əvvəlində İranın Körfəz regionunda Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) obyektlərinə endirdiyi zərbələrdən sonra ABŞ kəşfiyyatı Rusiyanın İrana hədəfləmə məlumatları və ya pilotsuz uçuş aparatları texnologiyası sahəsində mümkün dəstəyi ilə bağlı araşdırmaya başlayıb. Kreml isə bu iddialarla bağlı şərh verməkdən imtina edib.







