BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ-nin İordaniyadakı səfirliyi regionda gərginliyin artması ehtimalı ilə əlaqədar Amerika vətəndaşlarına Yaxın Şərqə səfər planlarını yenidən nəzərdən keçirməyi və əlavə təhlükəsizlik tədbirləri görməyi tövsiyə edib.
TurkicWorld xəbər verir ki, ABŞ-nin Əmmandakı səfirliyi "X" sosial şəbəkəsində yaydığı bəyanatda ABŞ diplomatik nümayəndəliklərinin, o cümlədən Yaxın Şərqdən kənarda yerləşən bəzi obyektlərin də hədəfə alındığını bildirib. Açıqlamada qeyd olunub ki, İran və onu dəstəkləyən qruplar xaricdəki digər ABŞ maraqlarını, Amerika şirkətlərini və ABŞ vətəndaşları ilə əlaqəli obyektləri də hədəf seçə bilərlər.
Səfirlik Amerika vətəndaşlarını mümkün uçuş ləğvlərinə, hava məkanlarının bağlanmasına və digər nəqliyyat məhdudiyyətlərinə hazır olmağa çağırıb.
Bəyanatda, həmçinin İordaniyada yerləşən ABŞ hərbi bazalarından uzaq durmaq və yerli hökumətin, eləcə də ABŞ səfirliyinin təhlükəsizliklə bağlı tövsiyələrinə əməl etmək tövsiyə olunub.
ABŞ səfirliyi vətəndaşları mövcud təhlükəsizlik vəziyyətini diqqətlə izləməyə və zərurət yarandıqda planlarını dəyişməyə çağırıb.







