BAKI,TurkicWorld Orxan Qədirzadə
Yəməndə fəaliyyət göstərən İranın dəstəklədiyi Husilər (Ənsarullah hərəkatı) Qırmızı dənizdə Səudiyyə Ərəbistanına məxsus iki neft tankerinə raket və pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirdiklərini bəyan ediblər.
Husilərin hərbi sözçüsü Yəhya Səri videomüraciətində bildirib ki, "ENCELIA" və "LAYLA" adlı neft tankerləri təşkilatın tətbiq etdiyini iddia etdiyi keçid qadağasını pozduqları üçün hədəfə alınıb.
Onun sözlərinə görə, əməliyyat zamanı çoxsaylı ballistik raketlər, qanadlı raketlər və PUA-lardan istifadə olunub və hədəflərə dəqiq zərbə endirilib.
Yəhya Səri əlavə edib ki, Husilər həyata keçirdikləri əməliyyatlar nəticəsində bölgədə hərəkət edən təxminən 10 gəmi marşrutunu dəyişməyə və geri qayıtmağa məcbur olub.
Husilərin sözçüsü eyni zamanda Səudiyyə Ərəbistanına xəbərdarlıq edərək bildirib ki, Yəmənə qarşı hər hansı yeni hərbi əməliyyat və ya hücum həyata keçiriləcəyi təqdirdə, krallığın ərazisinin dərinliklərində genişmiqyaslı cavab əməliyyatları keçiriləcək.
Husilər iyulun 20-də Səudiyyə Ərəbistanına qarşı "dəniz blokadası" tətbiq etməyə başladıqlarını açıqlamışdılar. Hərəkat Səudiyyə Ərəbistanını uzun illərdir Yəmənə qarşı blokada tətbiq etməkdə, ölkənin resurslarını istismar etməkdə və limanlarla hava limanlarını məhdudlaşdırmaqda ittiham edir.
Səudiyyə Ərəbistanı tərəfindən hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Husilərin irəli sürdüyü iddialar da müstəqil mənbələr tərəfindən təsdiqlənməyib






