BAKI,TurkicWorld,Yusif Şərifzadə
Avropa İttifaqının “Aspides” dəniz missiyası ABŞ, İsrail və Səudiyyə Ərəbistanı ilə əlaqəli ticarət gəmələrinin Qırmızı dəniz və Ədən körfəzindən keçməməsini tövsiyə edib.
TurkicWorld xəbər verir ki, missiyanın gəmiçilik şirkətlərinə ünvanladığı xəbərdarlıqda bu ölkələrlə əlaqəli gəmilərin Yəməndəki husilərin hücumuna məruz qalmaq təhlükəsinin daha yüksək olduğu bildirilib.
Tövsiyədə İsrail, ABŞ və ya Səudiyyə Ərəbistanının maraqları ilə bağlı olan ticarət gəmilərinin təhlükə səviyyəsi azalanadək Qırmızı dəniz və Ədən körfəzindən keçməkdən çəkinməsinin vacibliyi vurğulanıb. “Aspides” Avropa İttifaqının Qırmızı dənizdə ticarət gəmilərini qorumaq və sərbəst gəmiçiliyin təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirdiyi müdafiə xarakterli dəniz əməliyyatıdır.
Husilər bazar günü Səudiyyə Ərəbistanına qarşı dəniz blokadasının tətbiqinə başladıqlarını açıqlayıblar. Qruplaşma bu addımı Səudiyyə Ərəbistanının Yəmənə qarşı tətbiq etdiyi iddia olunan mühasirəyə və Səna şəhərindəki beynəlxalq hava limanına endirildiyi bildirilən zərbəyə cavab kimi təqdim edib.
Husilərin xəbərdarlıqlarından sonra bir neçə neft daşıyan gəminin istiqamətini dəyişdirdiyi və Babülməndəb boğazından keçməkdən çəkindiyi bildirilir. Bu vəziyyət Səudiyyə Ərəbistanından Çin və Hindistana neft daşıyan gəmilərin hərəkətinə də təsir göstərib.
Səudiyyə Ərəbistanı husilərin qərarını pisləyərək, beynəlxalq hüquq çərçivəsində gəmilərini və dəniz maraqlarını qorumaq üçün bütün zəruri tədbirləri görəcəyini bəyan edib.
Qırmızı dəniz və Babülməndəb boğazı dünya ticarəti və enerji daşımaları üçün mühüm keçid yollarından sayılır. Bölgədə təhlükəsizliyin pisləşməsi neft daşımalarının gecikməsinə, nəqliyyat xərclərinin artmasına və gəmilərin daha uzun istiqamətlərə yönəlməsinə səbəb ola bilər.






