Son dəqiqə

İran Küveyt Səudiyyə Ərəbistanı Bəhreyn İordaniya Körfəz Əməkdaşlıq Şurası Yaxın Şərq Casim Əl-Budeyvi

Səudiyyə Ərəbistanı İranın Küveyt, Bəhreyn və İordaniyaya hücumlarını sərt şəkildə pisləyib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Səudiyyə Ərəbistanı İranın Küveyt, Bəhreyn və İordaniyaya qarşı davam edən hücumlarını sərt şəkildə pisləyərək, həmin ölkələrin təhlükəsizliyini qorumaq üçün gördüyü tədbirlərə tam dəstəyini ifadə edib.

TurkicWorld xəbər verir ki, Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi yaydığı bəyanatda İranın hücumlarını “davam edən qəddar təcavüz” kimi qiymətləndirib. Nazirlik bildirib ki, bu addımlar beynəlxalq hüququ, dövlətlərin suverenliyini və mehriban qonşuluq prinsiplərini pozur.

Bəyanatda vurğulanıb ki, Ər-Riyad Küveyt, Bəhreyn və İordaniyanın İranın hücumlarına qarşı həyata keçirdiyi bütün müdafiə və təhlükəsizlik tədbirlərini dəstəkləyir. Səudiyyə Ərəbistanı həmin ölkələrin ərazi bütövlüyü və təhlükəsizliyinin qorunmasını regional sabitlik baxımından mühüm hesab etdiyini bildirib.

Səudiyyə tərəfi İranın hücumlarının bölgədə təhlükəsizlik və sabitliyə ciddi təhdid yaratdığını qeyd edib. Nazirlik Tehranı beynəlxalq öhdəliklərinə əməl etməyə və region ölkələrinə qarşı hərbi fəaliyyəti dayandırmağa çağırıb.

Səudiyyə Ərəbistanının açıqlaması Qətər və Körfəz Əməkdaşlıq Şurasının baş katibi Casim əl-Budeyvinin İranın son hücumlarını pisləyən bəyanatlarından sonra yayılıb. Körfəz ölkələri baş verənləri dövlətlərin suverenliyinə və regional təhlükəsizliyə qarşı yönəlmiş addım kimi qiymətləndirib.

Son günlər İranın Küveyt, Bəhreyn və İordaniyaya qarşı həyata keçirdiyi hücumlar bölgədə gərginliyin daha da artmasına səbəb olub. Küveytdə enerji və mülki infrastruktura zərbələr endirildiyi, Bəhreyn və İordaniyada isə hava hücumları ilə bağlı təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bildirilir.

Mövzuya görə xəbərlər