BAKI,TurkicWorld
Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarlara bir il ərzində ölkəyə dəfələrlə daxil olmaq və ümumilikdə 90 günədək qalmaq imkanı verən çoxdəfəlik Ümrə vizasını təqdim edib.
TurkicWorld ArabAZ- a istinad edərək xəbər verir ki ,verildiyi gündən etibarən 365 gün müddətində qüvvədə olan bu viza zəvvarlara etibarlılıq müddəti ərzində Səudiyyə Ərəbistanına təkrar səfərlər etmək şəraiti yaradır. İcazə verilən 90 günlük ümumi qalma müddəti hər səfər zamanı Krallıqda keçirilən günlərin cəmlənməsi əsasında hesablanır.
Lakin nazirlik onu da bildirib ki, çoxdəfəlik Ümrə vizasından Həcc mövsümündə Səudiyyə Ərəbistanına daxil olmaq üçün istifadə edilə bilməz. Bundan əlavə, seçilən xidmət paketinin müddəti vizada qalan günlərin sayını aşmamalıdır.
Vizanı əldə etmək üçün zəvvarlar hər səfər öncəsi “Nusuk” platformasında sadalanan akkreditə olunmuş xidmət təminatçılarından birindən xidmət paketi almalıdırlar.
Həmçinin hər bir daxilolmadan əvvəl zəvvarlar təsdiqlənmiş xidmət paketinin tarixlərinə uyğun olaraq “Nusuk” tətbiqi vasitəsilə Ümrə icazəsi almalı və bütün müvafiq səyahət və daxilolma tələblərinə cavab verməlidirlər.
Nazirlik əlavə edib ki, viza Krallıqdan hər çıxışdan sonra avtomatik olaraq dondurulur və tənzimləyici tələblər yerinə yetirildikdən sonra növbəti səfərlər üçün yenidən aktivləşdirilir. Qalan qalma müddəti isə avtomatik olaraq növbəti dövrə keçirilir və vizanın etibarlılıq müddəti çərçivəsində gələcək səfərlər zamanı istifadə oluna bilər.






