Son dəqiqə

ABŞ Pakistan Maliyyə nazirliyi iqtisadi islahatlar Skott Bessent Məhəmməd Aurangzeb Kapital bazarları Makroiqtisadi sabitlik

ABŞ Maliyyə Nazirliyi Pakistanın iqtisadi islahatlarını yüksək qiymətləndirib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Maliyyə Naziri Skott Bessent Pakistanın maliyyə naziri Məhəmməd Aurangzeb ilə görüşündə ölkədə həyata keçirilən iqtisadi islahatları və beynəlxalq kapital bazarlarına qayıdış istiqamətində görülən işləri müsbət qiymətləndirib.

TurkicWorld xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin yaydığı açıqlamada Skott Bessentin Pakistanın makroiqtisadi sabitliyin bərpası və fiskal intizamın gücləndirilməsi sahəsində əldə etdiyi irəliləyişi alqışladığı bildirilib.

Nazir həmçinin İslamabadın həyata keçirdiyi mühüm iqtisadi islahatların ölkənin maliyyə dayanıqlığının artırılmasına töhfə verdiyini qeyd edib.

Bununla yanaşı, Bessent Pakistan hökumətini islahatları davam etdirməyə, iqtisadi müstəqilliyini daha da gücləndirməyə, davamlı iqtisadi artımı təmin etməyə və ölkənin xarici şoklara qarşı dayanıqlığını artırmağa çağırıb.

ABŞ Maliyyə Nazirliyinin bəyanatında vurğulanıb ki, Vaşinqton Pakistanın beynəlxalq kapital bazarlarına uğurlu şəkildə qayıtması üçün əlverişli şərait yaratmaq istiqamətində atdığı addımları dəstəkləyir.

Tərəflər görüş zamanı iqtisadi əməkdaşlığın inkişafı, maliyyə sabitliyinin qorunması və uzunmüddətli iqtisadi inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Mövzuya görə xəbərlər