Son dəqiqə

Maliyyə nazirliyi

Maliyyə Nazirliyinin kollektivi Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib

Bakı,TurkicWorld

Vətən müharibəsində qazanılan tarixi Zəfərin 6-cı ildönümü münasibətilə noyabrın 8-də Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kollektivi Zəfər Parkını ziyarət edib.

Nazirlik əməkdaşları tarixi Qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri qoyub, Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Xalqımızın qəhrəmanlıq salnaməsinə çevrilmiş 44 günlük Vətən müharibəsində qalib Azərbaycan hərbçilərinin göstərdikləri misilsiz şücaət və fədakarlıq dərin minnətdarlıq hissi ilə xatırlanıb.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi sayəsində qazanılan tarixi Zəfər ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələndi.

Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə təsis edilən 8 Noyabr - Zəfər Günü xalqımızın milli qürurunun, birliyinin və yenilməz iradəsinin təntənəsinə çevrilib. Azərbaycan xalqının qalib xalq kimi adını tarixə yazdığı bu şanlı gün şəhidlərimizin müqəddəs xatirəsinə ehtiramın, qazilərimizin və müharibə iştirakçılarının fədakarlığına minnətdarlığın ifadəsi olaraq hər il böyük təntənə ilə qeyd edilir.

Mövzuya görə xəbərlər