BAKI,TurkicWorld,Yusif Şərifzadə
Pakistanın Baş naziri Şahbaz Şərif İranın daxili işlər naziri İsgəndər Mömini ilə görüşündə Körfəz regionunda artan gərginlikdən narahatlığını ifadə edib. O, bütün tərəfləri vəziyyəti daha da gərginləşdirə biləcək addımlardan çəkinməyə çağırıb.
TurkicWorld xəbər verir ki, Şahbaz Şərif İran rəsmisi ilə görüş zamanı Körfəzdə son eskalasiyanın yaratdığı vəziyyətlə bağlı “dərin narahatlığını” bildirib.
Pakistan Baş Nazirliyinin açıqlamasına görə, Şərif bütün tərəfləri təmkinli davranmağa və regionda sabitliyi daha da poza biləcək addımlardan uzaq durmağa çağırıb.
Pakistan hökumət başçısı ölkəsinin etibarlı və səmimi vasitəçi kimi rolunu davam etdirəcəyini bildirib. O, İslamabadın regional sülh və sabitliyə güclü bağlılığını bir daha vurğulayıb.
İranın daxili işlər naziri İsgəndər Mömini isə Pakistanın baş nazirinə və onun komandasına vasitəçilik səylərinə görə təşəkkür edib.
Mömini bildirib ki, yüksək səviyyəli İran nümayəndə heyətinin Pakistana səfəri ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məqsədi daşıyır. O, Pakistanın əvvəlki vasitəçilik fəaliyyətlərinin nəticəsində əldə olunan memorandum üzrə səyləri yüksək qiymətləndirib.







