BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp İsrail qüvvələrinin Livanın cənubunda bəzi ərazilərdə yenidən yerləşdirilmə prosesində olduğunu bildirib. O, açıqlamanı Livan Prezidenti Cozef Aunla görüşü zamanı verib.
TurkicWorld xəbər verir ki, Donald Tramp Livanın cənubunda İsrailin “pilot zonalardan” planlaşdırılan çıxarılması prosesinin ikinci günündə İsrail qüvvələrinin başqa ərazilərə “yenidən yerləşdirildiyini” bildirib.
Tramp bu açıqlamanı İsrail ordusunun Livandan tam çıxması üçün konkret vaxt cədvəlinin olub-olmaması ilə bağlı suala cavab verərkən səsləndirib. ABŞ prezidenti bununla bağlı əlavə təfərrüat verməyib.
Livan ordusunun İsrail qüvvələrinin geri çəkildiyi ərazilərdən birinə yerləşməyə çalışarkən İsrail tərəfindən atəşə tutulması ilə bağlı insident barədə suala cavab verən Tramp məsələni araşdıracağını bildirib.
ABŞ vasitəçiliyi ilə əldə olunan razılaşmaya əsasən, Livanın cənubunda müəyyən “pilot zonalarda” təhlükəsizliyin tədricən Livan ordusuna təhvil verilməsi nəzərdə tutulur.
Cənubi Livanda İsrail qüvvələrinin mövqeləri və Livan ordusunun yerləşdirilməsi prosesi bölgədə əsas müzakirə mövzularından biri olaraq qalır.







