Son dəqiqə

İran ABŞ İordaniya Yaxın Şərq Pentaqon ABŞ ordusu

Pentaqon niyə yaralanan hərbçilər barədə məlumat verməyib?

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ ordusunun ötən həftə İrandan gələn hücumlar zamanı yaralanan onlarla hərbçi barədə məlumatı ictimaiyyətə açıqlamadığı iddia olunur. Bu barədə “The New York Times” qəzeti ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

TurkicWorld xəbər verir ki, qəzetin məlumatına görə, İrana aid hücumlar zamanı İordaniyada yerləşən ABŞ qüvvələrinə qarşı üç ayrı zərbə həyata keçirilib. Həmin hücumlar nəticəsində onlarla hərbçinin yaralandığı və bir neçə helikopterin zərər gördüyü bildirilib.

Məlumata əsasən, ABŞ Müdafiə Nazirliyi bu itkilər və texniki zərərlə bağlı ictimai açıqlama verməyib. Qəzetə danışan anonim ABŞ hərbi rəsmisi bildirib ki, Mərkəzi Komandanlıq yaralanan hərbçilərlə bağlı məlumatları açıqlamaq öhdəliyinə malik deyil.

Bildirilir ki, bu hücumlardan sonra İordaniyada baş verən digər insident zamanı iki ABŞ hərbçisi həlak olub, daha bir hərbçinin isə itkin düşdüyü açıqlanıb.

ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibə fonunda ABŞ ordusunun itkilərinin artdığı qeyd olunur. Məlumata görə, fevralın 28-dən başlayan qarşıdurma zamanı 17 ABŞ hərbçisi həlak olub, 400-dən çox hərbçi isə yaralanıb.

ABŞ rəsmiləri isə hərbi itkilərlə bağlı məlumatların təhlükəsizlik səbəbləri və əməliyyat vəziyyəti nəzərə alınaraq mərhələli şəkildə açıqlana biləcəyini bildirirlər.

Mövzuya görə xəbərlər