BAKI,TurkicWorld,Yusif Şərifzadə
İşğal altındakı İordan çayının qərb sahilində İsrail qüvvələrinin keçirdiyi əməliyyatlar fonunda gərginlik davam edir. Fələstinin rəsmi WAFA xəbər agentliyi gün ərzində bir neçə insident barədə məlumat yayıb.
TurkicWorld xəbər verir ki, WAFA-nın məlumatına əsasən, Ramallah şəhərinin şimal-şərqində yerləşən, təxminən 4 min nəfər əhalisi olan Əl-Muğəyyir kəndi yaxınlığında bir həftə əvvəl İsrail qüvvələrinin açdığı atəş nəticəsində yaralanan 17 yaşlı fələstinli bu gün vəfat edib. Bildirilir ki, İsrail qüvvələri onun dəfn mərasimindən əvvəl kəndin giriş-çıxışını bağlayıblar. Bu məlumatlar Fələstin tərəfinin açıqlamalarına əsaslanır.
Məlumata görə, Beytləhm şəhərinin şərqində yerləşən Vadi əl-Hummus bölgəsində daha bir fələstinli İsrail qüvvələrinin açdığı atəş nəticəsində yaralanıb.
WAFA həmçinin İsrail hərbçilərinin Cənin şəhərinin cənub-şərqindəki Mitlon və şəhərin cənub-qərbində yerləşən Yəbad qəsəbələri də daxil olmaqla bir neçə yaşayış məntəqəsində evlərə reyd keçirdiyini bildirib.
Bundan başqa, Fələstin agentliyinin məlumatına görə, İsrail qüvvələri Beytləhmin qərbində yerləşən Husan kəndində sübh azanının verilməsinə və sübh namazının qılınmasına mane olub, ibadət edən şəxsləri kənd məscidlərindən birini tərk etməyə məcbur edib.
İsrail tərəfi bu hadisələrlə bağlı hələlik rəsmi açıqlama verməyib. Məlumatlar müstəqil mənbələr tərəfindən tam təsdiqlənməyib.






