Son dəqiqə

İsrail Nyu-York Beynəlxalq Cinayət Məhkəməsi BMT Baş Assambleyası Qəzza Benyamin Netanyahu həbs qərarı Zohran Mamdani

Netanyahu hərbi cinayətkardır - Nyu-York meri

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Nyu-York şəhərinin meri Zohran Mamdani İsrailin Baş naziri Benyamin Netanyahunu hərbi cinayətkar adlandıraraq onun Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsi qarşısında cavab verməli olduğunu bildirib.

TurkicWorld xəbər verir ki, Mamdani ABŞ mediasına açıqlamasında Netanyahunun “Haaqada olmalı” olduğunu deyib və onun Beynəlxalq Cinayət Məhkəməsinin ittihamları ilə üzləşdiyini vurğulayıb. Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu barəsində 21 noyabr 2024-cü ildə həbs qərarı çıxarıb. Məhkəmə onu Qəzza müharibəsi ilə əlaqədar insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlərdə ittiham edir.

Netanyahunun sentyabr ayında BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorka səfər edəcəyi gözlənilir. Sessiya 8 sentyabr 2026-cı ildə açılacaq, yüksək səviyyəli ümumi müzakirələrin isə 22 sentyabrda başlanması nəzərdə tutulur.

Mamdani bildirib ki, xarici dövlət rəhbərinin həbs edilməsi barədə Nyu-York Polis İdarəsinə göstəriş vermək üçün hüquqi səlahiyyətə malik olub-olmadığı hələ aydın deyil. O, məsələ ilə bağlı şəhərin Hüquq İdarəsi ilə fəal müzakirələrin aparıldığını söyləyib.

Nyu-York meri mümkün addımın yalnız mövcud qanunlar çərçivəsində atılacağını və Netanyahuya qarşı ayrıca yeni hüquqi mexanizm yaradılmayacağını qeyd edib.

Məsələ hüquqi baxımdan mürəkkəb hesab olunur. ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun iştirakçısı deyil və Vaşinqton Netanyahu barəsində verilmiş həbs qərarını qəbul etmir. İsrail də məhkəmənin ittihamlarını rədd edir.

Mamdani daha əvvəl də Netanyahu Nyu-Yorka səfər edərsə, Beynəlxalq Cinayət Məhkəməsinin qərarının icrası üçün addımlar atacağını bildirmişdi.

Mövzuya görə xəbərlər