BAKI,TurkicWorld,Yusif Şərifzadə
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ı İrana qarşı həyata keçirdiyi hücumlarla beynəlxalq hüququ və müharibə qanunlarını pozmaqda ittiham edib.
TurkicWorld xəbər verir ki, Abbas Əraqçi bu barədə "Teleqram" kanalında paylaşdığı bəyanatda bildirib.
Nazirin sözlərinə görə, ABŞ-ın İranın həyati əhəmiyyət daşıyan infrastrukturunu hədəfə alması və körpülərə, elektrik obyektlərinə mümkün hücumlarla bağlı səslənən bəyanatlar Vaşinqtonun ağır cinayətlər törətmək niyyətində olduğunu göstərir.
Əraqçi iddia edib ki, ABŞ-ın hücumları Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin və beynəlxalq hüququn əsas prinsiplərinin açıq şəkildə pozulmasıdır.
O bildirib ki, bu hərəkətlər beynəlxalq cinayət hüququ baxımından ağır beynəlxalq cinayətlər hesab oluna bilər və 1949-cu il Cenevrə Konvensiyalarının müddəalarına ziddir.
İranın xarici işlər naziri əlavə edib ki, bütün dövlətlər belə əməlləri törədən şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində öhdəlik daşıyırlar.
Əraqçi ABŞ rəsmilərini İran xalqına qarşı hədələyici bəyanatlar səsləndirməkdə də ittiham edib.
Onun sözlərinə görə, bu siyasət İran xalqının müstəqillik, qanuni hüquqlar və insan ləyaqətinə sadiqliyinə qarşı yönəlib.
Nazir bildirib ki, bu əməllərə görə məsuliyyət daşıyan şəxslər yalnız yuxarı rəhbərliyin göstərişlərini yerinə yetirdiklərini əsas gətirməklə hüquqi məsuliyyətdən yayınmayacaqlar.
ABŞ tərəfi Əraqçinin bu ittihamları ilə bağlı hələlik rəsmi münasibət bildirməyib.







