BAKI,TurkicWorld,Yusif Şərifzadə
Livanın rəsmi Milli Xəbər Agentliyi İsrail ordusunun ölkənin cənubunda yerləşən Nəbatiyyə bölgəsinə hava zərbələri endirdiyini bildirib.
TurkicWorld xəbər verir ki, məlumata əsasən, zərbələr Nəbatiyyə bölgəsinin Deyr yaşayış məntəqəsi ətrafına endirilib.
Agentliyin məlumatına görə, İsrail hərbi təyyarələri qəsəbəyə iki hava zərbəsi endirib.
Hadisə zamanı güclü partlayış səslərinin eşidildiyi və hədəfə alınan ərazilərdən qalın tüstünün yüksəldiyi bildirilir.
İlkin məlumatlarda ölən və ya yaralananlar barədə rəsmi açıqlama verilməyib.
Hücumların ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş atəşkəs razılaşmasının qüvvədə olduğu bir dövrdə baş verdiyi qeyd olunur.
Xatırladaq ki, İsrail və Livan iyun ayında ABŞ-ın vasitəçiliyi ilə atəşkəsin həyata keçirilməsini nəzərdə tutan çərçivə razılaşması əldə etmişdilər.
İsrail tərəfi hava zərbələri ilə bağlı hələlik rəsmi açıqlama verməyib. Məlumatlar müstəqil mənbələr tərəfindən tam təsdiqlənməyib.







