BAKI,TurkicWorld,Yusif Şərifzadə
Pakistanın Baş naziri Şahbaz Şərif İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı apararaq regiondakı son hadisələri müzakirə edib.
TurkicWorld xəbər verir ki, Pakistan hökumət başçısının ofisinin yaydığı məlumata görə, tərəflər ABŞ və İran arasında artan gərginlik fonunda mövcud vəziyyət barədə fikir mübadiləsi aparıblar.
Şahbaz Şərif son eskalasiyadan narahatlığını ifadə edib və İran da daxil olmaqla bütün tərəfləri təmkinli olmağa çağırıb.
Pakistan Baş naziri regionda sabitliyin qorunmasının və yeni qarşıdurmaların qarşısının alınmasının vacibliyini vurğulayıb.
Telefon danışığı zamanı diplomatik səylərin davam etdirilməsi və gərginliyin azaldılması yolları da müzakirə olunub.
İslamabad daha əvvəl də ABŞ-İran münasibətlərində böhranın dərinləşməməsi üçün dialoq və diplomatik həll yollarına çağırışlar edib.







