BAKI,TurkicWorld Orxan Qədirzadə
Suriya Prezident Administrasiyası Fransa Prezidenti Emmanuel Makronun yaxın vaxtlarda Suriyaya rəsmi səfər edəcəyini açıqlayıb. Bildirilib ki, səfərin məqsədi iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafı və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsidir.
Prezident Administrasiyasının yaydığı məlumata görə, Fransa prezidentini Suriyaya səfəri zamanı investorlar və Fransa şirkətlərinin nümayəndələrindən ibarət nümayəndə heyəti müşayiət edəcək.
Səfər çərçivəsində Suriya Prezidenti Əhməd əş-Şəraa və Fransa Prezidenti Emmanuel Makronun nümayəndə heyətlərinin iştirakı ilə dəyirmi masa formatında görüş keçirməsi planlaşdırılır.
Tərəflərin görüşdə regional və beynəlxalq vəziyyəti, ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətlər üzrə inkişaf perspektivlərini müzakirə edəcəyi gözlənilir. Suriya tərəfi bu görüşü siyasi dialoqun davam etdirilməsi istiqamətində ortaq iradənin göstəricisi kimi qiymətləndirir.
Fransa mətbuatında yayılan məlumatlara görə, səfər baş tutacağı təqdirdə bu, Bəşər Əsəd hakimiyyətinin 2024-cü ilin sonunda süqutundan sonra Qərb ölkəsi liderinin Dəməşqə ilk rəsmi səfəri olacaq.
Fransanın "La Tribune" nəşri gözlənilən səfəri tarixi hadisə kimi qiymətləndirərək bildirib ki, Emmanuel Makron Suriyaya səfər edən ilk Qərb dövlət başçısı olacaq.
Nəşrin məlumatına əsasən, səfərin gündəliyində təhlükəsizlik, Suriyanın yenidən qurulması, milli və dini azlıqların vəziyyəti, eləcə də Parislə Suriyanın yeni hakimiyyəti arasında rəsmi diplomatik münasibətlərin yenidən canlandırılması məsələləri əsas yer tutur. Qəzet bu prosesi Fransa ilə Suriyanın yeni rəhbərliyi arasında münasibətlərdə tamamilə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirir.
Məlumata görə, Emmanuel Makronun Dəməşqdəki proqramını başa vurduqdan sonra Türkiyənin paytaxtı Ankaraya yollanaraq NATO-nun sammitində iştirak etməsi gözlənilir.
Gözlənilən səfər 2025-ci ilin may ayında başlayan diplomatik təmasların davamı hesab olunur. Həmin vaxt Suriya Prezidenti Əhməd əş-Şəra vəzifəyə gəldikdən sonra ilk Qərb ölkəsinə rəsmi səfərini Fransaya etmiş və Parisdə Emmanuel Makronla görüş keçirmişdi.







