BAKI,TurkicWorld,Yusif Şərifzadə
Avropa İttifaqına üzv ölkələrin dövlət qurumları son illərdə İsrail şirkətləri ilə milyardlarla avro dəyərində müqavilələr bağlamaqda davam edir. Məlumata görə, bu əməkdaşlıq Qəzza zolağında davam edən müharibə və beynəlxalq müzakirələr fonunda da dayanmayıb.
TurkicWorld xəbər verir ki, araşdırma nəticələrinə əsasən, 2022-ci ilin yanvarından 2025-ci ilin iyulunadək Avropa İttifaqı ölkələrinin dövlət qurumları İsrail şirkətləri ilə ümumi dəyəri təxminən 2,7 milyard avro olan 194 müqavilə imzalayıb.
Məlumata görə, İsraili ən sərt tənqid edən Avropa ölkələrindən biri hesab olunan İspaniya həmin dövrdə ümumi dəyəri təxminən 227 milyon avro olan 14 müqaviləyə razılıq verib.
Bu məbləğin 207 milyon avroluq hissəsi 2024-cü ilin aprelində İspaniyanın Müdafiə Nazirliyi ilə İsrailin "Rafael" şirkəti arasında hava döyüş sistemlərinin alınmasına dair bağlanmış müqavilənin payına düşür. Bildirilir ki, İspaniyanın polis qurumları da İsrailin "Marom Dolphin" şirkətindən gülləyə davamlı qoruyucu jiletlər alıb.
Araşdırmada qeyd olunur ki, Avropa İttifaqı ölkələri ilə İsrail şirkətləri arasında iqtisadi və müdafiə sahəsində əməkdaşlıq davam edir. Bu müqavilələr regionda davam edən müharibə fonunda Avropa ölkələrinin siyasəti ilə bağlı yeni müzakirələrə səbəb olub.







