Son dəqiqə

İran Oman Beynəlxalq hüquq Hörmüz boğazı dəniz nəqliyyatı Kazım Qəribabadi Gəmiçilik İslamabad Anlaşma Memorandumu

İran: Hörmüz boğazında alternativ marşrutlarla təhlükəsiz keçidə təminat verilmir

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, Hörmüz boğazından İranın razılığı nəzərə alınmadan istifadə edilən alternativ marşrutlar üzrə hərəkət edən gəmilərin təhlükəsiz keçidinə təminat verilə bilməz.

TurkicWorld xəbər verir ki, Kazım Qəribabadi sosial şəbəkə hesabında yaydığı açıqlamada qeyd edib ki, qeyri-müəyyən razılaşmalar, paralel marşrutlar və sahilyanı dövlət kimi İranın mövqeyi nəzərə alınmadan qəbul edilən qərarlar əsasında həyata keçirilən keçidlərin təhlükəsizliyi təmin olunmayacaq.

Onun sözlərinə görə, etibarlı mexanizm yalnız İranla koordinasiya və İslamabad Anlaşma Memorandumunun beşinci bəndinin müddəalarına uyğun şəkildə qurula bilər.

Kazım Qəribabadi vurğulayıb ki, bu şərtlərə əməl edilmədiyi təqdirdə müəyyən edilmiş paralel marşrutların fəaliyyəti dayandırılacaq.

O əlavə edib ki, ABŞ və İran arasında imzalanmış 14 maddəlik İslamabad Anlaşma Memorandumuna əsasən, İran Hörmüz boğazının gələcək idarə olunması və dəniz xidmətlərinin təşkili ilə bağlı Oman Sultanlığı və Fars körfəzi sahilində yerləşən digər dövlətlərlə beynəlxalq hüququn normaları və sahilyanı dövlətlərin suveren hüquqları çərçivəsində məsləhətləşmələr aparmalıdır.

Mövzuya görə xəbərlər