Son dəqiqə

Canni İnfantino FİFA LGBTQ+ Misir–İran qarşılaşması

Misir–İran qarşılaşması niyə “Qürur Oyunu” adlandırıldı? FİFA-dan LGBT-yə dəstək

BAKI,TurkicWorld Orxan Qədirzadə

Dünya Kuboku çərçivəsində iyunun 26-da ABŞ-nin Sietl şəhərində keçiriləcək Misir–İran qarşılaşması FİFA-nın qəbul etdiyi qərara görə mübahisələrin mərkəzinə çevrilib.

FİFA qarşılaşmanın keçiriləcəyi stadionda LGBT bayraqlarından istifadəyə icazə verib və bu oyunu "Qürur Oyunu" kimi təqdim edib. Qurum bununla bağlı bildirib ki, məqsəd Sietl şəhərinin inklüziv dəyərlərini və Dünya Kubokunun insanları birləşdirən gücünü nümayiş etdirməkdir.

Misir və İran isə sözügedən qərara etiraz edərək narazılıqlarını FİFA rəhbərliyinə çatdırıblar. Hər iki ölkə qərarın LGBT təşkilatlarının fəaliyyəti üçün imkan yaratdığını bildirərək buna qarşı kəskin mövqe nümayiş etdirib.

Bununla yanaşı, qarşılaşma öncəsi keçirilən mətbuat konfranslarında hər iki komandanın baş məşqçisinə planlaşdırılan tədbirlərlə bağlı suallar ünvanlanıb.

Misir millisinin baş məşqçisi Hüsam Həsən komandasının diqqətini yalnız oyuna yönəltdiyini vurğulayıb.

"Biz yalnız meydandakı futbolla maraqlanırıq. Ədalətli oyun prinsiplərinə və hər kəsin riayət etməli olduğu qaydalara hörmət edirik", – deyə o bildirib.

İran millisinin baş məşqçisi Əmir Qalenuyi də oxşar mövqe sərgiləyib. O, Sietldəki Lumen Fild stadionunda planlaşdırılan tədbirlərlə bağlı fars dilində verilən suala cavabında bildirib ki, komanda yalnız futbola köklənib.

"Biz yalnız futbol haqqında, onun nə qədər gözəl oyun olduğu və azarkeşlərə nə qədər maraqlı anlar yaşadacağı barədə danışacağıq", – deyə İran millisinin çalışdırıcısı qeyd edib.

Beləliklə, Dünya Kubokunun Misir–İran qarşılaşması təkcə idman baxımından deyil, FİFA-nın qərarı fonunda yaranan müzakirələr səbəbindən də beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.

Mövzuya görə xəbərlər