Son dəqiqə

FİFA

İnfantino dünya futbolunun böyük əksəriyyətinin dəstəyinə sahib olduğuna inanır

BAKI,TurkicWorld

FİFA prezidenti Canni İnfantino yaxınlaşan seçki ərəfəsində dünya futbolunun böyük əksəriyyətinin dəstəyinə sahib olduğunu bildirib.

15 yaşadək futbolçular arasında Dünya Kuboku üçün Azərbaycanda olan İnfantino BBC-yə verdiyi müsahibədə "FIFA Forward Enterprise" (FFE) layihəsindən sonra istefa verməyi düşünüb-düşünmədiyi ilə bağlı sualı gülərək cavabsız qoyub.

Fərqli mövqeləri bir dam altında toplamağın hər zaman asan olmadığını qeyd edən İnfantino deyib:

"Fikir ayrılığında pis bir şey yoxdur. Dünyanın bir çox ölkəsində bunu hər gün görürük. Fikir ayrılığına və ya fərqli baxışlara malik olmaq problem deyil, lakin bundan sonra yolumuza davam edə bilməliyik".

İnfantino son dövrdə artan istefa çağırışlarından sonra vəzifədən getməyi düşünüb-düşünmədiyi sualına "Bilirsiniz, mən dünyanın dörd bir tərəfindən 211 üzv federasiya tərəfindən seçilmişəm" deyə cavab verib.

Asiya Futbol Konfederasiyasından (AFC) tam dəstək aldığını xatırladan İnfantino vurğulayıb:

"Asiya Futbol Konfederasiyasının məni tam dəstəklədiyi Tokiodan yeni qayıtmışam. Bütün Afrika ölkələrinin məni dəstəklədiyi Yaşıl Burun Adalarında idim. Dünyanın hər yerindəki bütün federasiyalarla danışıqlar aparıram".

İnfantino gərgin münasibətləri düzəltmək üçün UEFA ilə "daha tez-tez" dialoq qurulmalı olduğunu da bildirib.

Qeyd edək ki, 2027-ci ilin martında keçiriləcək seçkidə İnfantinonun rəqibi olacaq namizədlər üçün müraciət müddəti noyabrın 18-də başa çatır.

Canni İnfantino 2016-cı ildən bəri FİFA prezidenti vəzifəsini icra edir.

Mövzuya görə xəbərlər