BAKI,TurkicWorld,Yusif Şərifzadə
Venesuelada baş vermiş dağıdıcı zəlzələlərdən sonra vəziyyət gərgin olaraq qalır. Davam edən yeraltı təkanlar səbəbindən minlərlə insan evlərinə qayıda bilmir.
TurkicWorld xəbər verir ki, paytaxt Karakasda əhali növbəti güclü zəlzələnin baş verə biləcəyi ehtimalından narahatdır. Gün ərzində hiss olunan təkrar yeraltı təkanlar sakinlər arasında təşvişi daha da artırıb.
Məlumata görə, şəhərdə nəqliyyatın hərəkəti xeyli zəifləyib, əksər müəssisələr fəaliyyətini dayandırıb. Yalnız bazarlar, yanacaqdoldurma məntəqələri və bəzi apteklər məhdud şəkildə işləyir.
Əsas xidmət sahələri fəaliyyətini davam etdirsə də, onların imkanları əvvəlki ilə müqayisədə xeyli azalıb. Bir çox sakin evlərinə dəyən ziyanı qiymətləndirməyə çalışır.
Ən ağır vəziyyət isə Çakao rayonunda müşahidə olunur. Burada çoxsaylı binalar tamamilə dağılıb, bir çox tikili isə ciddi zədələndiyi üçün insanların həmin binalara qayıtması təhlükəli hesab edilir. Evlərini itirən sakinlər küçələrdə çadır quraraq gecələməyə məcbur olurlar.







