BAKI,TurkicWorld,Yusif Şərifzadə
Qəzza zolağının Səhiyyə Nazirliyi son 24 saat ərzində İsrail hücumları nəticəsində azı 2 fələstinlinin öldüyünü, 10 nəfərin isə yaralandığını açıqlayıb.
TurkicWorld xəbər verir ki, nazirliyin məlumatına görə, ötən ilin oktyabrında ABŞ-nin vasitəçiliyi ilə əldə edilən atəşkəs qüvvəyə mindikdən sonra İsrailin hücumları nəticəsində Qəzzada azı 1 320 nəfər həyatını itirib, 4 385 nəfər yaralanıb.
Qəzza Səhiyyə Nazirliyi bildirib ki, 2023-cü ilin oktyabrından başlayan müharibə nəticəsində ümumilikdə azı 73 456 fələstinli öldürülüb, 174 496 nəfər isə yaralanıb.
Nazirliyin açıqlamasına əsasən, son hücumlar atəşkəs razılaşmasına baxmayaraq Qəzza zolağında zorakılığın davam etdiyini göstərir.
Bölgədəki vəziyyətlə bağlı tərəflər arasında qarşılıqlı ittihamlar davam edir. İsrail tərəfi isə hərbi əməliyyatlarının təhlükəsizlik məqsədi daşıdığını bildirir.
Qəzzadakı humanitar vəziyyət, mülki əhali arasında itkilər və tibbi xidmətlərə artan təzyiq beynəlxalq ictimaiyyətin əsas narahatlıq mövzularından biri olaraq qalır.






