BAKI,TurkicWorld,Yusif Şərifzadə
Böyük Britaniya Yəməndə döyüşlərin yenidən başlamasını və husilərin Səudiyyə Ərəbistanına, o cümlədən mülki və enerji infrastrukturuna hücumlarını pisləyib. London Yəməndə qarşıdurmanın dərhal dayandırılmasına çağırış edib.
TurkicWorld xəbər verir ki, Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf Nazirliyinin sözçüsü yaranmış böhrana görə husilərin məsuliyyət daşıdığını bildirib. Nazirlik döyüşlərin yenidən başlamasının Yəməndə ağır humanitar vəziyyəti daha da pisləşdirdiyini vurğulayıb.
Böyük Britaniya husilərin hücumlarının yalnız Yəmən və Səudiyyə Ərəbistanı üçün deyil, bütövlükdə bölgənin sabitliyi üçün təhlükə yaratdığını qeyd edib. Hücumların Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçən mühüm ticarət yollarına, eləcə də sərbəst gəmiçiliyə təhdid yaratdığı bildirilib.
London Səudiyyə Ərəbistanının və Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinin beynəlxalq hüquqa uyğun olaraq öz təhlükəsizliyini və suverenliyini müdafiə etmək hüququna malik olduğunu bəyan edib.
Böyük Britaniya husiləri hücumları və hərbi gərginliyi dərhal dayandırmağa çağırıb.






